Bu ilin III rübündə Azərbaycanda ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.
Məlumata görə, sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub:
“İpoteka Kredit və Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməyib. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər”.
Sorğuya əsasən, III rübdə cəmi ipoteka kreditlərinə tələb azalıb. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri olub. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərib. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq.
Bankların sorğuda qeyd etdiyi cavablara görə ipoteka kreditləri üzrə kredit standartlarına bankların kapital və likvidlik mövqeyi sərtləşdirici təsir göstərən faktorlar olub. Əvvəlki rüblə müqayisədə bankların likvidlik mövqeyi kredit standardlarına daha çox təsir edib, sorğuda qeyd olunub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 383,1 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,4 % artaraq 378,8 milyon manat olub.
.