Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xidmət üzrə fəaliyyətini təkmilləşdirməyə qərar verib.
Yenizaman bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, hazırda milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı, habelə AMB-nin "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi qurumun ərazi idarələrində (Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsi), eləcə də Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən "Nağd pul ofisi"ndə həyata keçirilir.
Əhalinin bu xidmətə əlçatanlığının artırılması, həmçinin vətəndaşlara daha operativ xidmət göstərilməsinin təmin edilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidməti 2 martdan etibarən operator bankların ("Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər) ölkə ərazisində fəaliyyət göstərən filial və şöbələri ödənişsiz həyata keçirəcək. Həmin tarixdən Bülbül prospektindəki "Nağd pul ofisi"nin fəaliyyəti dayandırılacaq.
Yubiley və xatirə pul nişanlarının satışı, habelə "Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi" vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi isə qeyd olunan tarixdən etibarən AMB-nin Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 12:00-a qədər həyata keçiriləcək.
Bununla yanaşı, investisiya pul nişanlarının satışı və geri alışının hazırda olduğu kimi satış agentləri – "Bank of Baku" və "TuranBank" ASC -lərdə həyata keçirilməsi davam edəcək.
AMB-nin "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"na uyğun olaraq milli pul nişanlarının dəyişdirilməsi məqsədilə qurumun ərazi idarələrinə, eləcə də ölkədə fəaliyyət göstərən banklara, xarici bankların yerli filiallarına, habelə poçt rabitəsinin milli operatoruna da müraciət oluna bilər.
.
