2025-ci il avqustun 15-də ABŞ və Rusiya Federasiyası arasında keçirilən Alyaska Sammiti yeni dünya düzəninin başlanğıcı kimi qiymətləndirilir.

Bunu APA-ya açıqlamasında Amerikalı siyasi analitik Peter Teyz deyib.

O, qeyd edib ki, bu proses Avropa İttifaqının zəiflədiyi, Azərbaycan–ABŞ ikitərəfli tərəfdaşlığının isə daha da gücləndiyi bir mərhələdə baş verir: "Tramp–Putin sammiti, Co Baydenin prezidentliyi dövründə və Barak Obamanın səkkiz illik, nəticəsiz ABŞ xarici siyasət kursunda tamamilə dondurulmuş ikitərəfli dialoqun bərpası baxımından mühüm başlanğıcdır. ABŞ hökumətinin “Amerikanı Yenidən Böyük Et” strategiyasını həyata keçirdiyi və proteksionist siyasət yürüdərək milli maraqlarını qorumağa çalışdığı bir vaxtda, Ankoricdə keçirilən bu tarixi görüş Vaşinqtonun Avrasiya və Afrikadakı milli maraqlarını daha da möhkəmləndirir."

Siyasi şərhçi hesab edir ki, Donald Tramp Ankoricdə ABŞ-ın gücünü və sülh təşəbbüslərində liderliyini nümayiş etdirdi.

"Beynəlxalq siyasətin ticarət gərginlikləri və dağılmış çoxtərəfli institutlar tərəfindən ciddi şəkildə təsirləndiyi bir dövrdə, Vaşinqton Moskva ilə mehriban dialoq qurmağa çalışır; təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp, Yer kürəsinin ən güclü dövlətini təmsil edərək, Prezident Putinlə Oval Ofisdə Azərbaycan Prezidenti İlham Əliyevlə tarixi görüşündən yeddi gün sonra bir araya gəldi. “Sülhə nail olmaq” Prezident Trampın əsas məqsədidir və atəşkəsə nail olmaq, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın suveren ərazilərindən çıxmasını təmin etmək istiqamətində o, Azərbaycan və Ermənistan arasında daimi sülh müqaviləsinə aparan vahid, möhkəm bir yol təqdim etmiş yeganə dünya dövlət xadimi kimi ön plana çıxıb. Bu geosiyasi uğuru Rusiya Federasiyasının qapısına qədər gətirən Prezident Tramp Ankoricə hər zamankindən daha güclü gəldi; Elmendorf Hərbi Hava Qüvvələri Bazasında dekorasiya elə tərtib edilmişdi ki, ABŞ-ın hərbi gücünün üstünlüyünü, silahlı qüvvələrinin qorxmazlığını və cəsarətini, habelə Vaşinqton diplomatiyasının qətiyyətini nümayiş etdirirdi; qarşılanma mərasimində yalnız ABŞ Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərini təmsil edən bayraqlar dalğalanırdı. Qırmızı xalça üzərində Putinə müşayiət olunan Prezident Trampın bədən dili çox rahat idi. Digər mühüm məqam ondan ibarət idi ki, Prezident Putin Prezident Trampla birlikdə eyni zirehli rəsmi “Cadillac” avtomobilinə minərək hərəkət etdi. Elmendorf Hərbi Hava Qüvvələri Bazasında nə Rusiya, nə də ABŞ bayrağı vardı; bu detal da əhəmiyyətlidir, çünki Tramp-Vens Ağ Evi, simvolizm, Oval Ofisin təsirli interyer dizaynı və son ABŞ–Rusiya sammitində nümayiş olunan məhdudsuz cəsarət elementləri vasitəsilə hər zaman güc üstünlüyünü göstərməyi bacarır," deyə o, bildirib.

Onun sözlərinə görə, Prezident Tramp Ukrayna müharibəsini həll etməkdə qətiyyət nümayiş etdirib və onun rusiyalı həmkarı Avropadan Asiyaya qədər ədalətli balansı qorumaq və uzunmüddətli razılaşma əldə etmək istəyini ifadə edib.

"Alyaska Sammiti Ukraynanın təhlükəsizliyini təmin edib və möhkəmləndirib. Görünür ki, burada həmçinin ikitərəfli ticarət, mühüm mineral ehtiyatlarının çıxarılması və ticarət əməkdaşlığı məsələləri də müzakirə olunub. Bu, sammitin yalnız Ukrayna müharibəsi ilə məhdudlaşmadığını, geniş spektrli ikitərəfli məsələləri əhatə etdiyini göstərir. Ukraynada atəşkəs məsələsi Vladimir Putinin prioritetidir. Rusiya Prezidenti açıq və şəffaf şəkildə Bayden administrasiyasının Moskva ilə bütün əlaqələri dondurmasından və dialoqu tamamilə bloklamasından narazılığını ifadə edib. Prezident Tramp isə Ukraynada müharibəni bitirməkdə qətiyyətini bir daha vurğulayıb," deyə o, əlavə edib.

Amerikalı ekspert xatırladıb ki, ABŞ Prezidentinə bu görüşdə Stiven Çarlz Vitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Li Retklif və ABŞ dövlət katibi Marko Antonio Rubio müşayiət ediblər: "Bunlar Tramp administrasiyasının əsas fiqurlarıdır və Avrasiya, Cənubi Qafqazda güc balansını qorumaqda maraqlıdırlar. Prezident Putinin Prezident Trampa ingilis dilində Moskvaya rəsmi səfər dəvəti isə son dərəcə təsirli olub və Avropa, Afrika və Amerika qitələrində geosiyasi nüfuz dairələrinin yenidən tənzimlənməsini bir daha nümayiş etdirib."

.