
Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) verdiyi məlumata görə, 2014-cü ildə "üçüncü ölkələr”lə ixracat sazişlərinin ümumi dəyərində avronun payı 61,8 faiz təşkil edib.
Lakin bu, son beş il ərzində ən aşağı göstəricidir: 2010-2011-ci illərdə bu göstərici təxminən 67 faiz səviyyəsində olub. Başqa sözlə desək, son illərdə Avropa İttifaqının xaricində alıcılarla hesablaşmalarda avronun payı azalıb, başqa valyutaların payı isə müvafiq surətdə artıb.
ABŞ dolları ilə hesablaşmaların həcmi xeyli sabitdir və orta hesabla təxminən 25 faiz təşkil edir. Belə ki, müvafiq göstərici 2010-cu ildə 25,5 faiz səviyyəsində olub, 2013-cü ildə 23,4 faizə qədər azalıb, 2014-cü ildə isə 26,1 faizə qədər artıb.
"Başqa valyutalar” göstəriciləri üzrə daha əhəmiyyətli dəyişikliklər qeydə alınıb. Son beş ildə onların payı stabil artaraq 7,9 faizdən 12,1 faizə çatıb, həm də ən gözə çarpan "sıçrayış” son bir il ərzində baş verib.
Son illərdə Almaniyanın xarici iqtisadi əlaqələrinin dinamikası sayəsində bu ciddi artımı təmin edən valyuta İsveçrə frankı və ya Yaponiya iyenası deyil, Çin yuanı olub. Beləliklə, Destatisin bu xəbəri Almaniya-Çin ticari əlaqələrində və bütövlükdə beynəlxalq ticarətdə Çin Xalq Respublikasının pul vahidinin rolunun artmasına dəlalət edir (AZƏRTAC)..