Səfir kimi, mənim üçün ən mühüm regional inkişaf Ermənistanla sülh prosesi idi.

APA xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilən mətbuat konfransında deyib.

“Səfir kimi mənim böyük prioritetlərim arasında Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləmək olub”,- Horlemann bildirib.

O, Azərbaycanın beynəlxalq çoxtərəfliliyə sədaqətini vurğulayaraq, ölkəmizin COP29 və WUF13 kimi tədbirlərə uğurla ev sahibliyi etdiyini qeyd edib.

“Azərbaycan üçün geniş nəticələr doğuran digər mühüm hadisə son 12 ay ərzində İranda baş vermiş iki müharibə oldu. Müəyyən mərhələdə Azərbaycan da bu münaqişənin bir hissəsinə və hədəfinə çevrildi. Hava limanına pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirildi. Diqqət yetirdiyim başqa bir məqam Azərbaycanın Mərkəzi Asiyaya və türk dünyasına daha güclü istiqamətlənməsi oldu. Bu, Türk Dövlətləri Təşkilatının inkişafında və təşkilat daxilində əməkdaşlığın dərinləşməsində öz əksini tapır” səfir qeyd edib.

Ralf Horlemann Azərbaycan-Almaniya əlaqələrinin dost mühitində müxtəlif sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb.

.