Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin "erməni soyqırımı” kimi tanınmasına çağıranların tərəfini tutub.
Virtualaz.org saytı xəbər verir ki, nazir bu barədə "Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.
Alman sosial-demokratlarının liderlərindən olan Ştaynmayer bildirib ki, o, ermənilərə qarşı hərəkətlərin "soyqırımı” termini ilə ifadə olunmasına çağıranların motivlərini və hisslərini yaxşı başa düşür. Bununla belə nazir əlavə edib ki, bu məsələ ətrafında getdikcə kəskinləşən debatlar Ermənistanla Türkiyə arasında dialoqu çətinləşdirəcək, hətta qeyri-mümkün edəcək.
Alman xristian-demokratların Bundestaqdakı fraksiyasının rəhbəri Frants Yozef Yunq isə bildirib ki, onun partiyası Ankaranın etirazlarına baxmayaraq "soyqırımı” terminini işlədəcək.
"Biz elə formul tapacağıq ki, 100 il əvvəl baş vermiş bu hadisələri müvafiq şəkildə ifadə etsin” - deyə Frants Yozef Yunq bildirib.
Yunq gözləyir ki, "soyqırımı” sözü yaxın günlərdə Bundestaqın qəbul edəcəyi qətnamədə əksini tapacaq, eyni zamanda federal prezident Yoahim Qauk nitqində bu ifadəyə yer verəcək.

.