Qafqaz Müsəlmanları İdarəsinin sədriŞeyxülislam Hacı Allahşükür PaşazadəninAPA-ya müsahibəsi
-Bu il Qafqaz Müsəlmanları İdarəsinin sədri kimi anadan olmanızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi tamam olur. Prezident İlham Əliyev də anadan olmağınızın 70, şeyxülislamlıq fəaliyyətinizin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 70 illik həyat və 40 illik şeyxülislam kimi fəaliyyətiniz barədə cəmiyyətlə nələri bölüşmək istərdiniz?
-Bismillahir-rəhmanir-rəhim! Əlhəmdülillah, bu ildönümlərinə yetişmək nəsibim olub. Uca Allaha layiq bəndə, xalqıma, millətimə layiq övlad, ölkəmə, dövlətimə faydalı vətəndaş olmaq niyyətim hər zaman mənim üçün önəmkəsb edib. Bu yolda əqlimi və səylərimi heç bir vaxt əsirgəməmişəm. Taleyimə düşən bütün sınaq və imtahanlara məsuliyyət və vicdanla yanaşmışam, iman və əqidəmə əməl edərək,daimmillətimin, ümmətin maraq və mənafelərindən çıxış etmişəm.Mənim üçün olduqca dəyərlidir ki, iki əsrin Şeyxülislamı olaraq, ölkəmizin taleyüklü məqamlarında xalqımın, Vətənimizin ən mürəkkəb, həmçinin, sevincli dövrlərində din xadimi olaraq Uca Allahın buyurduqlarını çatdırmaq, xeyir-duasını diləmək şərəfinə nail olmuşam. Xalqımın haqq səsini dünyanın ən mötəbər tribunalarından eşitdirmək imkanım olub.
Bu böyük bir şərəfdir ki, möhtərəm dövlət başçımız həyatım və fəaliyyətimin önəmli ildönümlərinə özəl diqqət və ehtiram nümayiş etdirir. Milli-mənəvi dəyərlərə ali himayə və qayğısını əsirgəməyən cənab PrezidentinDünya dini liderlərinin II Bakı Sammitinin Bakıda keçirilməsi haqqında tarixi qərarını, 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə başlamağımın 40 illiyi münasibətilə sərəncamını möhtərəm dövlət başçımızın milli, dini və ümumbəşəri dəyərlərə verdiyi önəmin yüksək təzahürü, həmçinin, şəxsimə olan yüksək hörmət və etimadın göstəricisi kimi yüksək dəyərləndirirəm və bütün bunlara görə Zati-alilərinə hədsiz minnətdaram.
Bu uzun illər ərzində millətimizin, müstəqil dövlətimizin qazandığı hər bir uğur məni sevindirib və bu gün də sevindirməkdə davam edir. Dini, milli dəyərlərə qayıdışımız, 17 məscidi fəaliyyət göstərən ölkədən 2000-dən artıq məscidə sahib ölkəyə çevrilməyimiz, İslami irsimizə sahib çıxan, dünyaya multikulturalizm örnəyi nümayiş etdirən, İslami həmrəyliyə çağıran, ümumbəşəri dəyərlərə ehtiramla yanaşan dövlətimizin varlığı məni qürurlandırır.
Şeyxülislam olaraq qəlbimi fəxarətlə doyündürən çox məqamlar olub bu illər ərzində. İlk növbədə, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi Təzəpirə gəlişini xatırlatmaq istərdim. O zaman dövlət başçısı məsciddə dindarlara xitabən söylədiyi tarixi nitqində Allahın yolunda hamımız bir olaq müraciətini etdi. Bu, heç şübhəsiz ki, tarixi əhəmiyyətli bəyanat oldu. Şəhid edilmiş Bibiheybət məscidinin bərpası haqqında Heydər Əliyev həzrətlərinin sərəncamı dindarlara, bütün xalqımıza böyük bir hədiyyə oldu. Bibiheybətin tarixi məkanında yenidən inşa olunması, bu işə göstərilən ali diqqət və məhəbbət sözlə ifadə olunmayacaq fəxr yaşatdı bizlərə. Və Şeyxülislam olaraq, dövlət başçımızın bu addımını mən olduqca yüksək dəyərləndirirəm. Ulu öndərin Bibiheybətdə söylədiyi - biz bu işləri edəcəyik, çatdıra bilmədiklərimizi davamçılarımız edəcək fikrinin həqiqət olduğunu ən yaxın tariximiz təsdiq edir. Prezident İlham Əliyevin Ulu Öndərin ali mənəviyyat yolunu ən yüksək səviyyədə davam və inkişaf etdirdiyinə tikilən, nəfis şəkildə bərpa olunan məscidlər, kilsələr, sinaqoqlar, mənəvi irsə göstərilən qayğı bariz sübutdur.
Fərəhli haldır ki, Azərbaycan ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu qazanmışdır. Şeyxülislam olaraq, bu böyük miqyaslı işlərdə dövlət başçımızın siyasi iradəsini görmək məni olduqca məmnun edir. Ölkəmizdə istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin elan olunması ümumi hədəfə, məqsəd və mərama xidmət edir. Bununla Azərbaycan dövləti dünyada gedən proseslərə özəl, dəyərli töhfə vermiş olur.
Zati-aliləri Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Dövlət başçımızın qlobal miqyasda dəyər kəsb edən təşəbbüsləri bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Humanitar, Mədəniyyətlərarası dialoqa dair Qlobal Forumların mütəmadi olaraq Bakıda keçirilməsi bu təşəbbüslərin sırasında xüsusi əhəmiyyət kəsb edir. BMT, İƏT xəttiilə ali tədbirlərə ev sahibliyi edən Azərbaycan hər zaman bölgədə və dünyada sülh və anlaşmaya xidmət edən mütərəqqi ideyaların dəstəkçisi olaraq çıxış edir. İstər İslam, istərsə Qərb dünyası ilə qarşılıqlı ehtirama əsaslanan beynəlxalq münasibətlərə malik Azərbaycan həm milli-mənəvi, həm də bəşəri dəyərlərin hamisi olaraq çıxış edir.Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə bizim Prezidentimiz bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir.
İslam dəyərlərinin ümumbəşər əhəmiyyətini gözəl dərk edən dövlət başçımız İlham Əliyev həzrətləri bu dəyərlərin bütün dünya üçün önəmini hər zaman xüsusi vurğulayır, beynəlxalq müstəvidə İslam adına təhrifləri, islamofobiya təzahürləriniqətiyyətlə qınayır, İslamınadının terrorizm, ekstremizmlə bağlanmasına ciddi etirazını bildirir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin açılışı, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi - Azərbaycanın sərgisinin təşkili - bizim ümumislam mədəniyyətinə olan töhfəmizdir.Dövlət başçımızın xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, ümumbəşəri ideyaların carçısına çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir. Dini lider olaraq, bütün bunlar mənim üçün xüsusən yüksək dəyər kəsb edir.
Bütün bu işlərdə dini mərkəz olaraq, Qafqaz Müsəlmanları İdarəsi yaxından iştirak edir, öz töhfələrini əsirgəmir. Bu günAzərbaycandinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyinin nadir nümunəsinə malik bir məkan,milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin unikal nümunəsidir. Şeyxülislam olaraq, bütün fəaliyyət dövrüm ərzində bu qarşılıqlı etimad, ehtiram mühitinin formalaşması üçün əlimdən gələni əsirgəməmişəm.Kəskin ziddiyyətlər, terror, dini və milli zəmindəekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir ki, dini lider olaraq bundan böyük fəxr duyuram. Azərbaycanda 2017-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin də bütün fəaliyyəti bu məramlara xidmət edir. Mərkəzimiz tərəfindən İspaniyada, Almaniyada,Avstriyadakeçirilmiş uğurlu beynəlxalq konfranslar bizim fəaliyyətimizin göstəriciləridir.
Azərbaycanın bu yöndə səylərinin dünya ictimaiyyəti tərəfindən dəyərləndirilməsi Şeyxülislam olaraq, məni çox sevindirir. Dünyanın tanınmış, nüfuzlu dini liderlərinin Azərbaycana səfərlər etməsi, ölkəmizin multikultural həyat modelinin özəlliklərini vurğulamaları mənim üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Qürurludur ki, Roma Papası Azərbaycana səfər edərkən biz, din xadimləri ilə Heydər məscidində görüşdü, oradan bütün dünyaya xitabən etdiyi çıxışında Azərbaycan xalqının və dövlətinin uğurlu birgəyaşayış nümunəsini, ölkəmizdə dini konfessiyalar arasında qardaşlıq və əməkdaşlığı təqdir etdi. Azərbaycanı ziyarət etmiş Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kiril Təzəpir məscidində etdiyi çıxışında Azərbaycan xalqının və dövlətinin mənəvi dəyərlərə, tolerantlıq ənənələrinə sadiqliyini və bunun həyatın bütün sahələrində uğurlarımıza zəmin yaratdığını xüsusi vurğuladı.
Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə özəl qayğısı, yüksək siyasi mədəniyyət və ardıcıl iradə ilə nəinki ölkəmizdə, dünyanın ən müxtəlif nöqtələrində həyata keçirdiyi mədəni, humanitar xarakterli layihələr, dini-mənəvi abidələrimizə xüsusi diqqəti, müqəddəs dinimizin təlqin etdiyi şəkildə xeyirxahlıq, mərhəmət dolu addımları Vətənimizin, xalqımızın rifah və səadətinə xidmət edir. Şeyxülislam olaraq, bu nəcib dövlətçilik və xeyriyyəçilik fəaliyyətinə Uca Allahdan xeyir-dualar diləyirəm.
Din, mənəviyyat sahəsində Azərbaycan adına qazanılan uğurlarda, dünya çapında nüfuzumuzun yüksəlməsinə mənim də dini lider olaraq bir töhfəm olubsa, çox xoşbəxtəm. Amma görüləsi iş hələ çoxdur. İrəlidə bizim fəaliyyət istiqamətlərimiz üzrə yeni layihələr, tədbirlər planlaşdırılıb və biz bu yöndə düşünür, işlər görürük. Uca Allahın yardımı ilə öz məramımızı həyata keçirməkdə davam edəcəyik.
- Vurğulanan əlamətdar yubileylərin qeyd olunması üçün hansı tədbirlərin keçirilməsi, həmin tədbirlərdə hansı nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur? Erməni katolikosu II Qareginə dəvət göndəriləcəkmi?
- Yubileylə bağlı dövlət başçımızın Sərəncamına uyğun olaraq Təşkilat Komitəsi yaradılıb. Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini hörmətli Əli Əhmədovun rəhbərlik etdiyi Təşkilat Komitəsi olduqca məhsuldar işləyir, iclaslar keçirilir, Zirvə görüşünün yüksək səviyyəsinin təmini üçün bütün səylər göstərilir.
Dünya dini liderlərinin bu ilin noyabr ayında Bakıda keçiriləcək II Sammitində 400-dən yuxarı xarici qonağın, o cümlədən, fəxri qonaq qismində 50-dək dünyanın tanınmış dövlət və din xadimlərinin, elm və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir. Bununla əlaqədar, Təşkilat Komitəsi sədrinin rəhbərliyi ilə bütün zəruri tədbirləri və görüşləri həyata keçirir, dəvətləri ən yüksək səviyyədə reallaşdırırıq.
Dünya dini liderlərinin 2010-cu ildə keçirilmiş I Bakı Sammitinə erməni katolikosu MDB Dinlərarası Şurasının üzvü kimi qatılmışdı. Bildiyiniz kimi, mən Patriarx Kirillə bərabər həmin Şuranın həmsədriyəm. Və Patriarxın təklifi ilə erməni katolikosunu Bakıya dəvət etmişdik. Builki II Sammitlə bağlı belə bir vasitəçilik olmayıb deyə, dəvət göndərilməyib.
Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, öz növbəsində, sərəncamdan irəli gələn məqamları fəal icra edir, idönümlərimlə bağlı ölkə ərazisində xeyli sayda tədbir keçirir. Tədbirlər plan üzrə ilin sonuna kimi davam edəcəkdir. Bütün bu işlərə görə minnətdaram və fürsətdən istifadə edərək, dini mərkəzlə Komitə arasında formalaşmış işgüzar, faydalı əməkdaşlıq səviyyəmizdən məmnunluğumu vurğulamaq istərdim.
- Azərbaycanda dini təhsil sahəsində son vaxtlar müəyyən addımlar atılır. İlahiyyat İnstitutu artıq fəaliyyətə başlayıb, bəzi yerlərdə dini kolleclərin açılması gündəmdədir. Bu prosesdə QMİ hansı rolu oynayır? Fikrinizcə, bu addımlar dini təhsil sahəsində tələbatı tam ödəməyə imkan verəcəkmi? Dini təhsil sahəsi ilə bağlı yeni təklifləriniz varmı?
-Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti dini-mənəvi dəyərlərə diqqəti ilbəil artırır. Bu sahədə görülən tədbirlər ardıcıllığı, təkmilliyi ilə seçilir. Dini maarifçilik sahəsində İlahiyyat İnstitutunun yaradılması mühüm hadisə oldu. İnstitutun fəaliyyətinə, tələbələrinə uğurlar arzulayıram. Yeri gəlmişkən, İnstitutun tələbələrindən fərqlənənlərə tərəfimdən Şeyxülislam təqaüdü ayrılıb. Bizi sevindirən mühüm qərarlardan biri dini kolleclərin - mədrəsələrin fəaliyyətə başlaması ilə bağlı sərəncamdır. Bakıda və bölgələrdə 8 dini kollecin fəaliyyətə başlaması İslam dininin əsaslarının öyrənilməsi işinə dəyərli töhfədir. Artıq həmin mədrəsələrin maddi-texniki bazasının yaradılması üzərində iş gedir və ilkin mərhələdə Bakı, Lənkəran, Gəncə, Quba-Xaçmazda 5 mədrəsənin açılması gündəmdədir. İslam dini ilə bağlı tədrisdə, məsələn dini ayinlərin icrası ilə bağlı elə məsələlər var ki, onlar məhz mədrəsələrdə tədris olunmalıdır və İlahiyyat İnstitutunun proqramına daxil deyil.
İnşallah, bu görülən işlər yaxın illərdə dini sahədə istər İlahiyyat İnstitutunun, istər dini kolleclərin məzunları öz potensiallarını nümayiş etdirəcəklər. Bunlar, dini-mənəvi dəyərlərinə sahib çıxan dövlətimiz üçün, dinimiz üçün dəyərli kadrların mövcudluğu baxımından mühüm hadisələrdir. Dini təhsillə bağlı təkliflərimizin nəzərə alınması dini mərkəz olaraq bizi qane edir. İstər dərs proqramlarının hazırlanması, istər dərslik, dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak edirik. Qanunverici səviyyədə dəyişikliklər, yeniliklər gündəmə gələndə QMİ öz təklif və tövsiyələri ilə çıxış edir. Bu əməkdaşlıq öz müsbət nəticələrini verir.
-Din xadimlərinin attestasiya prosesi QMİ rəhbəri olaraq Sizi qane edirmi? Attestasiya imam və axundların bilik səviyyəsinin yüksəlməsində nə kimi rol oynayır? Attestasiyadan keçməyən din xadimlərinin taleyi necə olur?
-Din xadimlərinin attestasiyası QMİ-nin Əsasnaməsinə uyğun olaraq, mütəmadi həyata keçirilən prosedur tədbirdir. Bu işdə məqsəd, təbii olaraq, din xadimlərinin biliklərinin daha da təkmilləşməsinə xidmətdir. İmamlarımız minbərə qalxaraq xütbələr, moizələr deyirlər və onların bu işi ən üstün məziyyətlərə malik şəkildə, müqəddəs dinimizə layiq, onun dəyərlərini yüksək şəkildə çatdırmaq qabiliyyəti, xalq, Vətən təəssübünə malik olması, ölkəmizin tarixi, bu günü haqda müfəssəl məlumatlara malik olması dini mərkəz olaraq bizim üçün mühüm məqamlardandır. İstər təyinatla fəaliyyətdə olan din xadimləri, istərsə də təyinat almaq istəyən din xadimləri attestasiya proseslərinə qatılırlar. Namizədlər sırasından uğur qazana bilməyənlər yenidən hazırlaşıb növbəti attestasiyalarda iştirak edə bilərlər. Məqsəd ən yaxşıların seçilməsi, seçilənlərin isə öz biliklərinə arxayınlaşmaması, öz üzərlərində hər zaman işləməklərini stimullaşdırmaqdır.
-Din xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması üçün müəyyən addımlar atılır, onların avtomobil və digər təminatı yerinə yetirilir. Bu sahədə daha nə kimi yeniliklər gözlənilir?
-Bəli, Azərbaycan dövləti hər bir vətəndaşının sosial qayğı və ehtiyaclarını getdikcə daha artıq şəkildə qarşılamaq üçün bütün zəruri addımları atır. Təqdirolunası haldır ki, din xadimləri də bu qayğını öz üzərlərində hiss edirlər. Konstitusiyamıza görə, din dövlətdən ayrı olsa da, dindar, din xadimi da vətəndaş olaraq dövlətin himayəsindən kənar qala bilməz. Din xadimlərinin maddi rifah halının qayğısına qalan dövlətimiz onlara ianə şəklində yardımlar ayırıb ki, buna görə dövlətimizə, bilavasitə dövlət başçımıza minnətdarıq. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi dəyərlər Fondu tərəfindən verilən maaş deyil, ianələrin din xadimlərinin sosial rifahı üçün önəmi danılmazdır. Məscidlərdə fəaliyyət göstərən dini icmalara da yardımlar bu xətlə edilir, o cümlədən, avtomobillər dövlətimiz tərəfindən hədiyyə edilir. Bu tədbirlər böyük əhəmiyyət kəsb edir, belə ki, uzun illər din xadimləri belə yardımlardan məhrum idilər. Şükürlər olsun ki, din xadimləri də artıq bir müddətdir ki, dövlətin bu qayğısından bəhrələnirlər. Din xadimləri ölkəmizdə sosial sahədə gedən islahatların uğuru üçün dualar edir, maddi rifahın artırılmasının yönündə tədbirlərin, inşallah din xadimlərinidə ehtiva edəcəyinə ümidlidirlər.
-Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" Sizi qane edirmi? Qəbir yerləri və məzar daşlarının standartı ilə bağlı normalara nə dərəcədə əməl olunacağını düşünürsünüz?
-Bilirsiniz, bu sahədə son dövrlər görülən işlərə müsbət yanaşıram. Bununla bağlı təşəbbüslərə dair biz də öz tövsiyələrimizi vermişik. Qəbir yerlərinin sadə, mütəvaze olması, məzar yerlərinin satılmaması, pulsuz ayrılması kimi təkliflər təqdirəlayiqdir. Bu işlərin qanunvericilikdə əksini tapması məqsədə müvafiqdir.
-Bir müddət əvvəl yas mərasimlərində israfçılığa yol verilməsinə və bu mərasimlərin təmtəraqlı keçirilməsinə qarşı bəyanatlar səsləndirirdiniz. Hətta icra hakimiyyətləri də yas mərasimlərində müəyyən normalara əməl olunmasına nəzarət etməyə başlamışdı. Bunun nəticəsi olaraq bir müddət israfçılıq və təmtərağın səngidiyini müşahidə etsək də, son vaxtlar vəziyyət sanki əvvəlki həddə qayıdıb-yenə də yas mərasimlərində əvvəlki israfçılıq və təmtəraq müşahidə olunur. Bu barədə nə deyə bilərsiniz?
-Biz bununla bağlı mövqeyimizi QMİ Qazılar Şurasının və Elmi-Dini Şuramızın Bəyanatında bildirmişik. Həmin bəyanatda bütün xırdalıqlarla İslam dinində israfın bəyənilməyən hal olduğunu insanların diqqətinə çatdırmışıq. Bunu qəbul edən insanlar da var, öz istəyi ilə hərəkət edənlər də. İnsanlar azaddır, öz mərasimlərinə dair istəkləri, niyyətləri, əhdləri olanlar var. Lakin dini mərkəz olaraq israf məsələsinin dinlə heç bir əlaqəsinin olmadığını, əksinə dinin bunu bəyənmədiyini insanlara izah etdik. Qalan məsələlər insanların daxilində həllini tapmalıdır, yəni hər kəs bunun mahiyyətinə vararaq özü üçün qərar verməlidir. Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm.
-Bu gün dünyada münaqişələrin artmasının dini liderlərin proseslərdə rolunun azalmasından qaynaqlandığı fikri ilə razısınızmı? Dini liderlərin aktivliyi nəticəsində münaqişələrin həllinə daha tez nail oluna bilərmi? Məsələn, dini liderlərin aktiv müdaxiləsinin illərdir davam edən Fələstin-İsrail münaqişəsinin həllinə hansısa töhfə verə biləcəyini düşünürsünüzmü? Bunu real hesab etmək olarmı, yoxsa siyasət artıq dini lider amilini bu məsələlərdən çox uzaqlaşdırıb?
-Mən son zamanlar beynəlxalq forumların xitabət kürsülərindən bu fikrə toxunuram ki, münaqişələri siyasət, bəzi siyasətçilər yaradır, dini liderlər isə bu münaqişələrin qarşısını almaq məramına xidmət etməlidirlər. Belə münaqişələr yaranmasın deyə, önləyici vasitə kimi mən MDB Dinlərarası Şurasının həmsədri kimi hələ on il əvvəl belə bir təşəbbüs irəli sürmüşdüm ki, BMT yanında müxtəlif dinlərin təmsilçisi olan din xadimlərinin yüksək səviyyəli məşvərət qurumu fəaliyyət göstərsin ki, münaqişə ehtimali olan məsələlərə dair öz tövsiyələrini versinlər.
Qarabağ konflikti ilə bağlı mən münaqişə başlayan zamandan-1988-ci ildən bəri məhz sülhün bərqərarı naminə müxtəlif vasitəçilərin səyləri sayəsində müxtəlif illərdə erməni dini liderləri ilə bir masa ətrafında bir araya gəlmişəm. Rus Pravoslav Kilsəsi bu görüşlərin ənənəvi vasitəçisi kimi çıxış edib, görüşlər zamanı ümumi mövqeləri mümkün qədər daha artıq uzlaşdırmağa çalışmışdır. Bundan əlavə,Ümumdünya Kilsələr Şurasının vasitəçiliyi ilə Montredə görüşmüşük, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın da qatıldığı dördlük formatında da danışıqlarımız olub. Hər dəfə görüşlərin nəticələrinə dair birgə bəyanatlar imzalamışıq, lakin təəssüflər olsun ki, erməni tərəfi bu bəyanatların ruhuna uyğun davranış nümayiş etdirmir, o cümlədən, əsirlərlə bağlı məsələdə ardıcıllıq olmadı.
Bəli, erməni ekstremistlərinin din amilini qabartmaq, bununla təəssübkeşlər qazanmaq istəyi olub və var. Lakin biz bu qüvvələrin Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirmək, konflikti dinlərarası toqquşma müstəvisinə daşımaq niyyətlərini puç edə bildik. Buna məhz dini liderlərin görüşləri sayəsində nail olduq. Bunun əksi, yəni münaqişəyə dini səciyyə verilməsi böyük faciələrə gətirib çıxara bilərdi.
Dini lider, din xadimi olaraq mən hər zaman sülhün tərəfdarıyam və insan qanının axıdılmasının qarşısının alınması, müqəddəs dəyər olan insan həyatının xilası yolunda bütün imkanlardan istifadə etməni vacib sayıram.
Bütün dünya, o cümlədən, ermənilərin özləri də Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir.Bizə ədalətli sülh lazımdır. Dövlətimizin də mövqeyi belədir, dünya birliyinin qəbul etdiyi qərarlar-BMT-nin 4 məlum qətnaməsi yerinə yetirilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır.Bu həqiqəti nə qədər tez qəbul edərsə, sadə erməni xalqı da müsibətlərdən daha tez xilas olar, bölgədə sülh və tərəqqi bərqərar olar.
Dini liderlərin səylərinin birləşdirilməsi, dini liderlərin siyasi, ictimai xadimlərlə səylərini birləşdirməsi dünyada sülhün qorunması, münaqişə ocaqlarının söndürülməsini, nəticə etibarilə, müqəddəs dəyər olan insan həyatının qorunmasını təmin edə bilər. Dinin sülhyaratma potensialından, dini liderlərin nüfuz və imkanlarından istifadə etmək əmin-amanlığa xidmət edər. Bunu siyasət aləmi qəbul etməlidir. Dini liderlər də Uca Yaradan qarşısında məsuliyyətlərini dərk edərək, əllərindən gələni əsirgəməməlidirlər.
Allah köməyiniz olsun!
.