• Vergilər Nazirliyiyanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərovun "APA-Economics"ə müsahibəsi:

- Son günlərdə aksiz markası olmayan malların aşkar olunması istiqamətində nəzarət tədbirləri gündəmdədir...

-Vergilər Nazirliyitərəfindən uzun müddətdir ki, Bakıda və bölgələrdə pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksizli məhsulların satışı hallarını müəyyən etmək məqsədi ilə monitorinqlər aparılır. Son bir ay ərzində bu tədbirlər bir qədər də intensivləşdirilib. Əməliyyat yolu ilə belə məhsulların ticarət şəbəkələrinə çatdırılma yolları və satıldığı əsas obyektlər aşkarlanıb. Təəssüf ki, belə məhsulların satışının həyata keçirildiyi yerlər arasında əhalinin daha çox müraciət etdiyi satış məntəqələri və bu sahədə ixtisaslaşdırılmış ticarət obyektləri də var.


Belə ki, aparılan nəzarət tədbirləri zamanı Nəsimi rayonunda yerləşən "24 saat”, "Kral”, "Yaşıl”, "Yek”, "Buta”, "Azqranata”, "Kübar”, "№1”, "24 saat” adlı mağazalarda aksiz markası ilə markalanmamış spirtli içkilərin və tütün məmulatlarının satılması müəyyən edilib. Qeyd olunan 9 mağazadan 26 min manatdan artıq məbləğdə aksiz markası olmayan tütün məmulatları və spirtli içkilər aşkar olunaraq götürülüb. Bu, Məmmədov Osman Akif oğluna məxsus "Kübar market”də, Rəfiyev Çingiz Əlövsəd oğluna məxsus "Şərab evi №1”də və Məmmədov FəxrəddinCəbrayıloğluna məxsus "24 saat” marketdə baxış keçirilərkən təsərrüfat subyektlərində külli miqdarda markalanmamış alkoqollu içkilərin və tütün məmulatlarının satış məqsədilə saxlanılması faktı da aşkarlanıb.

Bundan başqa, ötən həftə ərzindəVergilər Nazirliyiyanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən Bakının Qaradağ və Xəzər rayonlarında, Xırdalan və Sumqayıt şəhərlərində də yerləşən ticarət obyektlərində nəzarət tədbirləri keçirilib, külli miqdarda aksizsiz və saxta aksiz markası olan məhsullar aşkar edilib.

- Aşkar olunan qanunsuzluqlarla bağlı hansı tədbirlər görülür?

- Qeyd edilən malların satışı ilə məşğul olan və bu məhsulların satış şəbəkələrinə çatdırılmasını təşkil edən şəxslər saxlanılıblar və faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanılıb.

Bu, vergi orqanlarının ticarət şəbəkələrini saxta məhsullarla, eyni zamanda aksiz markası olmayan tütün məmulatları ilə təchiz edən şəbəkənin aşkara çıxarılması istiqamətində apardığı əməliyyat tədbirlərinin növbəti mərhələsidir. Bir məsələni xüsusi qeyd etmək istərdim.Vergilər Nazirliyi qanundan kənar hərəkətlərə yol verən sadə satıcılarla deyil, mütəşəkkil cinayətkar qrupla, bütöv bir şəbəkə ilə mübarizə aparır. Vergi orqanları alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışı ilə məşğul olma hallarının aradan qaldırılması, bu işlə məşğul olan cinayətkar şəbəkənin əsas üzvlərinin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsinə çalışır. Nəzərinizə çatdırmaq istərdim ki, bu işlə məşğul olan və qanundan kənar fəaliyyətlə məşğul olanlar qanunvericiliyin müddəaları çərçivəsində çox sərt şəkildə cəzalanacaqlar. Əsas məqsəd "kölgə iqtisadiyyatı”nı daraltmaq, aksizsiz malların satışını sıfır səviyyəsinə endirməkdir.

-Siz cinayətkar şəbəkənin mövcud olduğunu bildirdiniz. Belə aydın olur ki, bu tək-tək hallar deyil...

- Əlbəttə... Avtobus dayanacaqlarındakı köşklərə, ticarət obyektlərinə və digər satış məntəqələrinə bu cür malların "ayaq açması” və onların həcminin həddindən artıq böyük olması onu göstərir ki, bu bütöv bir cinayətkar şəbəkənin işidir və bu şəbəkə çox geniş fəaliyyətdədir. Bu mallar müxtəlif cinayətkar qruplar tərəfindən qeyri-qanuni yollarla ölkəyə gətirilir və yaradılan "distribütor” şəbəkəsi vasitəsilə gizli yollarla ticarət şəbəkələrinə çatdırılır. Vergi və hüquq-mühafizə orqanlarının nəzarətindən yayınmaq məqsədilə belə "təchizatçı-distribütorlar” bir çox hallarda satıcılarla telefonla əlaqə yaradaraq, malı lazımi ünvanlara şəxsən təslim edirlər.

- Cinayətkar qrup işini necə təşkil edir?

- Bu məhsulların satışı üçün müxtəlif yerlərdə ayrıca satış köşkləri qurulur. Bir çox hallarda isə məhsullar ticarət şəbəkəsinin özündə deyil, yaxınlıqda saxlanılan nəqliyyat vasitələrində və gizli saxlanc nöqtələrində gizlədilir. Kollektiv surətdə, düşünülmüş sxem əsasında bir-biriləri ilə əlaqədə olan qrup üzvləri qanunsuz malı satış nöqtələrinə çatdırırlar.

Nəzərinizə çatdırım ki, belə məhsullar vətəndaşların sağlamlığı üçün təhlükə törətməklə yanaşı, qanuni fəaliyyət göstərən digər vergi ödəyicilərinə münasibətdə haqsız rəqabətə səbəb olur. Cinayət şəbəkəsində birləşmiş belə "işbazlar” qeyri-qanuni məhsulların istehsalı, həmçinin qiymətli kağız hesab edilən aksiz markalarının saxtalaşdırılması ilə məşğul olur, dövlətin və cəmiyyətin mənafelərinə ciddi zərər vururlar.

-Xəqani müəllim, məhsulun aksizinin olmaması onun saxtalığını göstərir. Bu, belədirmi?

- Aksizlərin tətbiqi çoxfunksiyalı olmaqla yanaşı, eyni zamanda, həm də sağlamlığa zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Aksiz markası olmayan və ya saxta aksizli məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullar almaq təhlükəsi ilə üzləşir. Belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri onların istehlakına nəzarət etmək, sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq və istehsal mənşəyini müəyyən etməkdir.

-Qanunvericilik belə məhsullar satanlar üçün hansı cəzalar və məsuliyyət tədbirləri nəzərdə tutur?

- Aksiz markası olmadan malların istehsalı, idxalı və satışının həyata keçirilməsi inzibati və cinayət məsuliyyəti yaradır. Əgər belə məhsulların satışı halları az miqdarda (500 manatadək) aşkar edilərsə, bu zaman inzibati cərimələr tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən, belə marka olmadan məhsulların az miqdarda satılmasına, satış məqsədi ilə saxlanılmasına və ya istehsal binasının hüquqlarından kənara çıxarılmasına görə fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 80 manatdan 90 manatadək, hüquqi şəxslər isə 200 manatdan 300 manatadək miqdarda cərimə edilir.

Lakin əgər belə məhsullar xeyli (500-2000 manat) və ya külli miqdarda (2000 manatdan yuxarı) aşkar edilərsə, bu zaman məsuliyyət Cinayət Məcələsi ilə tənzimlənir. Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulları xeyli miqdarda istehsal etmə, satma və idxala görə, 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Eyni əməllər külli miqdar təşkil etməklə, eləcə də təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

-Aksizsiz mallar dövlət büdcəsindən vergilərin də yayındırılmasına gətirir.

- Aksizsiz və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, ilk növbədə, qaçaqmalçılığın və "kölgə iqtisadiyyatı”nın genişlənməsinə şərait yaradır. Bu sahədə nizam-intizamın yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu işlə məşğul olanlar anlamalıdırlar ki, aksizsiz malların satışını təşkil etməklə cinayətkar fəaliyyətin iştirakçısı kimi dövlət büdcəsinə ödənilən vergi və rüsumların da qarşısını almış olurlar.

- Bu sahədə ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması da zəruridir... Siz necə düşünürsünüz?

-Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində bu sahədə nəzarət tədbirlərini davam etdirəcək. Lakin mübarizədə hamı birlikdə iştirak etməlidir. Bu məsələdə dövlət orqanları, o cümlədən vergi orqanı əməkdaşları ilə birlikdə cəmiyyətin hər bir üzvü maraqlı olmalıdır. Hər şeydən əvvəl, insanlar öz sağlamlıqları naminə saxta məhsulların satışına mane olmalı, belə hallara yol verənlər barədə müvafiq orqanları məlumatlandırmalıdırlar. İstər saxta aksizlərin, istərsə də digər cinayətlərin aşkara çıxarılmasında ictimaiyyət hüquq-mühafizə orqanları və digər təşkilatlarla birlikdə fəaliyyət göstərməlidir. Bu, olduqca vacibdir. Birlikdə fəaliyyət göstərərək daha sağlam və intizamlı cəmiyyətin qurulmasına töhfə verməliyik.

.