Alimlər SARS-CoV-2 virusuna yoluxma səviyyəsi ilə havadakı çiçək tozu konsentrasiyası arasında əlaqə aşkarlayıb.

“RİA Novosti”  xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmanın müəllifləri bu qənaətə gəliblər.

2020-ci ilin birinci yarısında Şimal yarımkürəsinin ölkələrində koronavirus infeksiyasının sürətlə yayılmasına təsir edən amillərdən birinin bitkilərin bahar çiçəklənməsi olduğunu və bu il də havanın tərkibində çiçək tozları konsentrasiyasının artmasının COVID-19-un bahar dalğasına səbəb ola biləcəyini düşünürlər.

Münhen Texniki Universiteti, Ekoloji Tibb İnstitutu və Auqsburq Universitetindən olan və Klaudia Traydl-Hoffmannın rəhbərlik etdiyi beynəlxalq COVID-19/POLLEN layihəsinin tədqiqatçıları çiçək tozunun insanın SARS-CoV-2 virusuna qarşı həssaslığına təsirini araşdırıblar.

Məlumdur ki, Şimal yarımkürəsində hər baharda müşahidə olunan bitkilərdən mövsümi çiçək tozu tullantıları respirator viruslara yoluxmanın pik həddi ilə üst-üstə düşür. Müəlliflər bu qaydanın yeni koronavirusa - SARS-CoV-2 virusuna da aid olduğunu güman edirlər.

“Tozcuqların təsiri antiviral interferon reaksiyasını azaldaraq bəzi mövsümi tənəffüs viruslarına qarşı immuniteti zəiflədir. Biz eyni halın antiviral interferonlara həssas olan SARS-CoV-2-yə də aid olub-olmadığını tədqiq etdik”, - məqalənin müəlliflərini yazıb.

Alimlər beş qitənin 31 ölkəsindəki 130 regionda havadakı çiçək tozu konsentrasiyası səviyyəsi ilə SARS-CoV-2-yə yoluxma göstəriciləri arasında kros-sahəvi və uzunmüddətli təhlillər aparıblar. Təhlildə həmçinin havanın orta tempraturu, rütubət, əhalinin sıxlığı və təcrid statusu kimi ekoloji və demoqrafik amillər də nəzərə alınıb.

Müəlliflər havadakı tozcuqların öz-özünə və ya istilik və rütubət ilə birlikdə yolxuma tezliyinin dəyişkənliyinin təxminən 44%-nə görə məsul olduğunu müəyyənləşdirib. Gündəlik yolxuma səviyyələri hər yerdə havadakı tozcuqların miqdarı ilə korrelyasiya edib, lakin təcrid rejiminin qüvvədə olduğu ölkələrdə analoji tozcuq konsentrasiyasında yoluxma səviyyəsi karantin tətbiq etməyən ölkələrə nisbətən iki dəfə az olub.

Tədqiqatçılar çiçək tozunun təsirinin insanları, tozcuqlara qarşı allergiyası olub-olmamasından asılı olmayaraq, COVID-19-a qarşı daha həssas etdiyini vurğulayıblar. Bununla belə, tozcuq hissəcikləri özləri virus daşıyıcısı deyil, sadəcə infeksiyaya həssaslığı artırır.

Təhlil göstərib ki, çiçək tozlarının xüsusilə çox yarandığı günlərində yoluxma sayı 10-30% artıb. Bu mənada alimlər yazda tozcuqları filtrasiya etmək üçün tibbi maskadan istifadə etməyi tövsiyə edirlər.

.