Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib. Tədbirdə ilk dəfə olaraq "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” öz sahiblərinə təqdim olunub.
Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafında sanballı xidmətlərinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Cahangir oğlu Məlikov və kvant nöqtəli heterostrukturların formalaşma prosesi və xassələrinin fundamental tədqiqi, onların əsasında yeni lazerlərin yaradılması sahəsində silsilə elmi əsərlərinə, habelə Azərbaycan-Rusiya elmi-texniki əməkdaşlığının inkişafına verdiyi şəxsi töhfəsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç AlfyorovAMEA-nın ən yüksək mükafatına layiq görülüb.
Bu barədə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə nəzərə çatdırıb ki, adıçəkilən medalla təltif etmək səlahiyyəti ölkə başçısının 27 iyun 2014-cü il tarixli Fərmanı ilə AMEA-nın Rəyasət Heyətinə verilib. Bunu nəzərə alaraq, Rəyasət Heyəti 18 fevral 2015-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək üçün Qaydalar” təsdiq edib və həmin qərarla 2015-cil il üçün qızıl medala müsabiqə elan olunub.
Akademik onu da qeyd edib ki, müsabiqə qaydalara uyğun olaraq təşkil edilib və onun keçirilməsi, həmçinin şərtləri haqqında elan respublikanın kütləvi informasiya vasitələrində, o cümlədən "Azərbaycan” qəzetində, AMEA-nın "Elm” qəzetində və www.science.gov.az internet portalında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub. Komissiyanın bu il keçirilmiş yekun iclasında qızıl medala namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib. Rəyasət Heyətinin bu ay keçirilmiş son iclasında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib və adları çəkilən alimlərin medalla təltif olunmaları barədə qərar qəbul olunub.
Qeyd edilib ki, bu medal Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Medal ölkə vətəndaşları və əcnəbilərə ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələr, əsərlər, kəşflər, ixtiralar, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilir.
AMEA Rəyasət Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

.