"Yağışların ümumi tendensiyasına baxdıqda nisbilik müşahidə edilir, lakin yağışlar fəsillər üzrə qeyri-bərabər paylanır".

Bunu açıqlamasında Coğrafiya İnstitutunun icraçı direktoru, Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani deyib.

O bildirib ki, normadan artıq yağışların yağması iqlim dəyişikliyi ilə əlaqədardır:

"Son 10-15 ildə olan kəskin leysan yağışları ümumi normadan 3-5 dəfə artıq düşüb. Bunun nəticəsində də müəyyən fəsadlar yaranıb".

Alimin sözlərinə görə, təbii fəlakətlərdən isə heç bir dövlət sığortalanmayıb və Avropanın inkişaf etmiş ölkələrində də bu hadisələr baş verə bilir.

Zaur İmrani, həmçinin əlavə edib ki, iqlim dəyişmələri ilə əlaqədar 2010-cu ildə istiləşmə daha çox olduğuna görə, Kürdə daşqın baş vermişdi:

"Bəzən deyirlər, Kür çayı quruyur, amma Kür çayı qurumur, Kürün suyundan düzgün istifadə edilmir. Bunun üçün də su ehtiyatlarını və onlardan səmərəli istifadəni öyrənmək lazımdır. Ekoloji normaya əməl olunmadığı, Kürün suyundan daha çox istifadə edildiyi üçün çayda suyun səviyyəsi azalır. Amma burada qurumadan söhbət gedə bilməz".

.