Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və soyğunçuluqda təqsirləndirilən Elnur Mövlamovun məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadəsi dinlənilib.

Şahid qismində ifadə verən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşı təqsirləndirilən şəxs Elnur Mövlamovu əvvəldən tanımadığını deyib və xüsusi əməliyyat tədbirləri nəticəsində onun Nərimanov rayonu ərazisində yaşadığı evdə saxlanıldığını bildirib.

Şahid deyib ki, təqsirləndirilən şəxs saxlanılan zaman oğurladığı pulu İsmayıllı rayonunun Basqal kəndində saxladığını deyib, qızıl-zinət əşyalarını isə polisə təqdim edib. Basqalda axtarış zamanı evdən 2 min 600 dollar və 5 min manat pul aşkar edilib.

Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində saxlanıldığı halda nəyə görə əməliyyatın Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyini polis əməkdaşına irad kimi bildirib.

Proses sentyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Elnur Mövlamov Xalq artisti Alim Qasımovun kürəkəni, Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşıdır.

Məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və qohumu Rəşadət Fərzəliyev tanınıb.

Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.

.