“Bu gün koronavirusa yoluxma sayının nəzarətə götürülməsi üçün əlavə tədbirlərə ehtiyac var”.

Bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, pandemiya başlayandan indiyə qədər dövlət səviyyəsində ən yüksək tədbirlər görülməkdədir: “Tez zamanda modul tipli xəstəxanalar istifadəyə verildi, ölkəyə yeni preparatlar gətirildi, bütün həkimlər səfərbər edildi, xarici mütəxəssislər cəlb olundu. Bunlar görülən tədbirlərin ancaq bir hissəsidir. Hazırda dünyada yoluxma sayı 60 milyonu keçib. Bu gün bütün dünya xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirir. Ancaq yenə də pandemiyanın yayılması səngimək bilmir. Bu gün sadəcə qorunma tədbirlərindən başqa çarəmiz yoxdur. Hazırda xəstəliyə qarşı əlimizdə vaksin, preparat yoxdur. Qorunma tədbirlərinə düzgün əməl etməliyik. Maskadan düzgün istifadə etməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Lüzum olmadan yaxınlaşmaq, təmas lazım deyil. Əllərin tez-tez yuyulması çox vacibdir”.

Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru: “Koronavorusla mübarizədə vaksinə ümid bağlamaq olmaz”

“Bu gün koronavirusla bağlı kifayət qədər məlumat yoxdur”.

Bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

O bildirib ki, bu gün küçədə siqaret çəkən insanların vasitəsilə də virus dövr edə bilər: “Taksilərdə də vəziyyət yaxşı deyil. Taksiyə minən kimi pəncərələri açmaq lazımdır. Son elmi tədqiqatlara əsasən, məlum olub ki, 4% insanlar genetik olaraq, özlərindən virusa qarşı maddə ifraz edə bilmirlər. Xəstəliklərin 10%-də əmələ gələn antitellər virusun yaşamasına mane ola bilmir. Virus öz yaşamanı bioloji olaraq davam etdirir. Virusu qidalandırmağı təmin etməsək, zənciri qıra bilərik. Bu səbəbdən deyilənlərə əməl etməsək, virusun daha da çoxalmasına səbəb olacağıq. Bu gün vaksin məsələsi hökumətin gündəmindədir. Vaksinlərin hamısı incələnir. Amma buna ümid bağlamaq olmaz. Sadəcə, sosial məsafəni azaldaraq, maska taxaraq, gigiyena qaydalarına əməl edərək, hələ ki, virusun yayılmasının qarşısını ala bilərik. Virus çoxluğu sevir. Sosial məsafəni gözləməliyik”.

A. Allahverdiyev onu da əlavə edib ki, Vətən müharibəsində insanlarımız tərəfindən nümayiş etdirilən birlik koronavirusla mübarizədə də olmalıdır: “Maska taxmayan insan ətrafına ölümcül düşmənləri püskürtmüş olur. Bizi bizdən başqa heç kim qurtara bilməz. Koronavirusa qarşı mübarizədə müvəffəqiyyət qazanmaq üçün yumruq kimi bir olmalıyıq. İkinci möhtəşəm qələbəni belə qazana bilərik”.

Professor: “Hələlik koronavirusa qarşı spesifik dərman və vaksin yoxdur”

“Koronavirus 2019-cu ilin sonundan etibarən çox qısa müddətdə bütün dünya ölkələrini geniş şəkildə əhatə edərək pandemiyaya çevrildi. Azərbaycan da dünyanın ayrılmaz hissəsidir”.

Bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

O bildirib ki, əvvəllər Azərbaycanda hökumət tərəfindən zamanında bəzi radikal tədbirlər həyata keçirilib: “Artıq koronavirusa tanıdığımız bioloji düşmən kimi baxırıq. Bu virus ilk dəfə ortaya çıxan virusdur. Viruslara qarşı mübarizə digər bakteriyalara qarşı mübarizədən fərqlidir. Virusun yaşadığı yer hüceyrələrdir. Virusu öldürmək üçün əvvəl hüceyrəni öldürməliyik. İndiyə qədər hər kəs nəyisə tapdığını iddia edib. Amma hələ də bu virusa qarşı spesifik dərman yoxdur. Vaksin məsələsi də elə. Çox qısa zamanda dünyanın bir çox laboratoriyasında bu virusa qarşı vaksin hazırlıqları başladı. Hazırda 11 növ vaksin hazırlandığı barədə ABŞ-dakı Qida və Dərman təşkilatına müraciət edilib. Ola bilər ki, 11-dən bir neçəsi təsdiqlənsin. Amma hazırda əlimizdə normal vaksin yoxdur. Vaksinin nə qədər effekti olacağı da bəlli deyil. Mediada yazılan rəqəm könüllülər üzərində aparılan sınaqlardan alınan nəticəni göstərir. Vaksinasiya başlayandan sonra bunun insanlarda nə qədər effektiv olacağı bəlli deyil. Əlimizdə olan bilgi odur ki, koronavirusa qarşı antitel 4-5 aylıq yaranır. Vaksin çıxsa belə, biz rahatlaşa bilmərik”.

Adil Allahverdiyev: “İnsanlar maska, sosial məsafə və gigiyena qaydalarına diqqət etmirlər"

“Səhiyyə sistemimiz bu gün dünyada hazırlanan COVID-19 peyvəndlərini yaxından izləyir”.

Bunu bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

“Bu gün bizim əlimizdə 3 əsas element var - maska, sosial məsafə və gigiyena qaydaları. Xəstəliyə qarşı mübarizə kompleks tədbirlər tələb edir. Bütün fəsadların baş verməməsi üçün profilaktik tədbirləri həyata keçirməliyik. Profilaktik təbabət ən doğru təbabətdir. Xəstələnmənin qarşısını almaq lazımdır. Xəstələnəndə artıq iş ağırlaşır. Bu gün Azərbaycanda bu 3 elementə diqqət edilmir. Müharibə başlayandan sonra insanlarımızın vətənpərvər ruhlu olması, virusa qarşı qorunmanı aşağı saldı, immun sistemimiz zəiflədi. Hazırda koronavirusa sutkalıq yoluxma sayı 4000-i keçib, ölüm sayında da artım var. Yoluxma sayı artdıqca, ölüm sayı da artır. Bu gün xəstəlik daşıyıcıları 20 yaşına qədər olan şəxslərdir. Onların çoxu xəstəliyi asimptomatik keçirir və xəstəliyi yayır. 20 yaşdan aşağı olanlar bilməlidir ki, onlar bu gün ölüm daşıyıcılarıdır. Bu qədər insanlar ölür. İndi hər kəsin ətrafında xəstələr var. 20 yaşdan aşağı olan şəxslərə müraciət edirəm, ailənizin yaşamasını istəyirsinizsə, profilaktik tədbirləri diqqətə alın”, - deyə professor vurğulayıb.

ATU-nun professoru: “Ev şəraitində müalicə alan koronavirus xəstələri infeksiya mənbəyidir”

“Bu gün ev şəraitində müalicə alan xəstələrimiz infeksiya mənbəyidir”.

Bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, yoluxma sayının artmasında əsas faktor hazırda ailədaxili yoluxmalardır: “Ev şəraitində müalicə alanlar özlərini izolyasiya etməlidir. Əks halda, ətrafında olanların da yoluxması üçün şərait yaranır. Evdəki hər bir şəxs yoluxmuş xəstəyə ehtiyatla yanaşmalı, özünü tam mənada təcrid etməlidir”.

.