Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qədim Ədilovun epizodu üzrə şahidlər ifadə verib.
Məlumat üçün bildirək ki, Qədim Ədilov ifadəsində A. Çovdarov tərəfindən döyüldüyünü deyib.
İclasda ifadə verən şahid Natiq Hümbətov bildirib ki, Qədim Ədilovu tanıyır və Q. Ədilovun ona və digər bir neçə şəxsə borcu olub. Q. Ədilov borcları verməmək üçün hər kəsi aldadıb. N. Hümbətov deyib ki, Q. Ədilovun dələduzluq əməlləri barəsində hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şahidin sözlərinə görə, Q. Ədilovun ona 360 min manat borcu olub.
İclasda həmin epizod üzrə MTN əməkdaşlar olmuş şahidlər də ifadə veriblər və istintaq zamanı verdikləri ifadələri təsdiq ediblər.
Proses aprelin 26-da davam edəcək.

.