Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki verilən apellyasiya şikayətinin indiyədək məhkəməyə göndərilməməsinin səbəbi məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, buna səbəb A. Çovdarovun məhkəmə iclas protokolları ilə tanış olub öz qeydlərini vermək istəyidir.
A. Çovdarov protokollarla tanış olduqdan sonra iş apellyasiya məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, apellyasiya şikayəti noyabrın 11-də verilib. Şikayətin verilməsində 3 aya yaxın vaxt keçir.
Xatırladaq ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb.
