Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxsin kimliyi məlum olub.
APA-nın məlumatına görə, həmin şəxs Quliyev Gülağa Məhərrəm oğludur. G. Quliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə zərərçəkmişlərdən biridir.
G.Quliyev digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub və ötən iclasda ifadə verib.
G .Quliyev dindirilərkən məhkəmə zamanı bildirib ki, 2015-ci ildə N.Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G.Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını söyləyib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi "KİA” markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi "VAZ-2104” markalı avtomobilə vurub və "VAZ” markalı avtomobildə yanğın baş verib. Nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
.
