Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyinə Aİ və Azərbaycan arasında yeni razılıq əldə olunması üçün danışıqlar aparılması ilə bağlı mandat verib.
"Report" Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni saziş 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında razılaşmanı əvəz etməlidir.
Yeni sənəd, həmçinin Aİ-nin və Azərbaycanın bu gün üzləşdiyi problemləri və qarşıya qoyulan məqsədləri nəzərə almalıdır.
"Avropa İttifaqının Azərbaycanla hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətdə danışıqların aparılması üçün mandat verməsini alqışlayır və təqdir edirik".
"Report"un məlumatına görə, bunu Azərbaycan Xxarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2015-ci ilin mayında Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
"Hesab edirik ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək", deyə H.Hacıyev bildirib.
