Azərbaycanın regiondakı rolu bu gün hər zamankından daha önəmlidir.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Avropa İttifaqı Azərbaycanın sülh, sabit, bir-birinə bağlı və firavan Cənubi Qafqaz yaratmaq məqsədini bölüşür. Ermənistanla sülh prosesində əldə olunan irəliləyiş tarixi əhəmiyyət daşıyır. Vaşinqton razılaşmaları dialoq və barışığa sadiqliyinizi göstərir və Avropa İttifaqı onların tam həyata keçirilməsini dəstəkləyir. Biz bilirik ki, əsl sülh yalnız kağız üzərində imzalanan siyasi razılaşmalarla qurulmur. Sizin də qeyd etdiyiniz kimi, sülh insanların gündəlik həyatı, iqtisadi əlaqələr, ticarət və ortaq rifah üzərində qurulur. İqtisadi qarşılıqlı asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə aparan ən etibarlı yoldur və Avropa İttifaqı bu imkanların hamının xeyrinə reallaşdırılmasına kömək etməyə hazırdır. Azərbaycanın regiondakı rolu bu gün hər zamankından daha önəmlidir”, - Antonio Koşta qeyd edib.

İranda müharibə fonunda enerji tərəfdaşlığımız daha böyük əhəmiyyət kəsb edir

İranda müharibənin qlobal enerji bazarlarını sarsıtması fonunda enerji tərəfdaşlığımız hər zamankından daha böyük əhəmiyyət kəsb edir.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatda bildirib.

“Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaların və maliyyə vəsaitlərinin səfərbər edilməsinə hazırdır. Eyni zamanda Avropanın təmiz texnologiya şirkətlərinin Azərbaycanın iddialı planlarında daha fəal iştirakını təşviq edirik”, - deyə Antonio Koşta qeyd edib.

Aİ Şurasının Prezidenti Orta Dəhlizin əhəmiyyətindən danışıb

Bağlantı və nəqliyyat əlaqələri də əməkdaşlığımızın digər mühüm sahəsidir.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatda bildirib.

“Orta Dəhlizin inkişafı yeni nəqliyyat əlaqələri üçün strateji imkan yaradır. Avropa ilə Asiya arasında ticarət əlaqələrini gücləndirməklə yeni iş yerləri yarada, iqtisadi artımı sürətləndirə və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik”, - Antonio Koşta qeyd edib.

.