Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Macarıstanın Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımı Azərbaycana görə bloklamasına dair yayılan xəbərə münasibət bildirib.

Diplomat deyib ki, Aİ Cənubi Qafqaz ölkələri ilə münasibətləri müxtəlif sahələr üzrə fəal şəkildə inkişaf etdirir.

O, Avropa Komissiyasının Cənubi Qafqaz regionundakı tərəfdaşlara maliyyə yardımı ayırdığını xatırladıb: “Region ölkələri üçün Biznes və İnvestisiya Planı təqdim olunub. Bizim “yaşıl enerji”yə keçid, əlaqələnmə, sahibkarlara dəstəklə bağlı əməkdaşlıq prioritetlərimiz var. Azərbaycanla əməkdaşlıq etdiyimiz kimi, digər ölkələrlə də əməkdaşlıq edirik. Biz sülhün, rifahın olduğu Cənubi Qafqaz görmək istəyirik”.

Səfir aprelin 5-də Brüsseldə Aİ-ABŞ-Ermənistan görüşünün sırf iqtisadi xarakter daşıdığını vurğulayıb: “Bu sabitləşməyə xidmət edir və bu barədə Azərbaycana məlumat verilmişdi. Aİ çərçivəsində alınan istənilən qərarların qəbulu ilə bağlı müəyyən mexanizm, prosedur var”.

.