Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iyulun 8-i Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək, Aİ və Türkiyə arasında ikitərəfli münasibətləri, eləcə də regional gündəliyi müzakirə edəcəklər.

Bu barədə Aİ Şurası xəbər verir.

Aİ Şurasının məlumatına görə, Ərdoğanla görüş Aİ və Türkiyə arasında ümumi maraqlar və praqmatik addımlar əsasında dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunacaq.

Tərəflər Avropa Komissiyasının və Aİ-nin ali nümayəndəsinin 2023-cü ilin noyabrında qəbul edilmiş, Brüssel və Ankara arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin gələcək inkişafını müəyyən edən birgə sənədinin icrasını müzakirə edəcəklər.

"Mövcud geosiyasi vəziyyət ümumi maraqlara və praqmatik addımlara əsaslanan dialoq və əməkdaşlığın gücləndirilməsini tələb edir", - məlumatda bildirilib.

Həmçinin gündəlikdə Kipr məsələsinin həlli üzrə BMT-nin himayəsi altında diplomatik səylər də daxil olmaqla, regional vəziyyət yer alır.

Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Olaf Gill Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin son bəyanatlarının görüşə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Fon der Lyayen Hamburqda çıxışı zamanı Avropanın xarici təsirlərdən qorunmasının vacibliyindən danışarkən Türkiyəni Rusiya və Çinlə eyni sırada qeyd etmişdi. Onun fikirləri Ankara tərəfindən kəskin tənqidə səbəb olub.

Türkiyə Avropa İttifaqının strateji tərəfdaşı olaraq qalır. Aİ Türkiyənin ən böyük ticarət tərəfdaşıdır, Türkiyə isə blokun ticarət tərəfdaşları arasında yeddinci yeri tutur. Avropa Komissiyasının məlumatına görə, 2022-ci ildə qarşılıqlı ticarətin həcmi 198,1 milyard avro təşkil edib.

.