Avropa İttifaqı (Aİ) Çin istehsalı olan natrium benzoatın idxalına müvəqqəti antidempinq rüsumları tətbiq edəcək.

Bu barədə Aİ-nin Rəsmi Jurnalında dərc olunan sənəddə bildirilib.

Məlumata görə, rüsumlar iyulun 29-dan qüvvəyə minəcək. Wuhan Youji Industries şirkətinin məhsullarına 57,6%, Shandong TongTaiWeiRun Food Science Tech şirkətinə 63,8%, Tianjin Dongda Chemical Group-a 75,4%, digər bütün Çin ixracatçılarına isə 116,4% həcmində müvəqqəti antidempinq rüsumu tətbiq olunacaq.

Qeyd olunub ki, araşdırma Almaniyanın kimya şirkəti *Lanxess* tərəfindən qida konservantı kimi istifadə olunan natrium benzoatın dempinq qiymətlərlə Aİ bazarına çıxarıldığı barədə şikayət əsasında başlanıb.

Avropa Komissiyasının ilkin araşdırmasına əsasən, Çin istehsalçıları məhsulu süni şəkildə aşağı qiymətlərlə ixrac ediblər. Bildirilir ki, Aİ-yə natrium benzoat idxalı 2022–2024-cü illərdə iki dəfədən çox artıb, Çin istehsalçılarının bazar payı isə təxminən 33%-dən 55%-ə yüksəlib.

Araşdırmanın 2027-ci ilin yanvar ayının sonunadək davam edəcəyi gözlənilir. Bu müddətin sonunda Avropa Komissiyası adətən beş il qüvvədə qalan yekun antidempinq rüsumlarının tətbiqi ilə bağlı qərar verəcək.

.