Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən suallara aydınlıq gətirib.

Agentlikdən verilən məlumata görə, ən çox müraciətlərdən biri 8103 nömrəsinə göndərilən 1, 2 və 3 kodunun hərəsindən gündə bir, yoxsa ümumilikdə bir dəfə istifadə edilməsidir. Qeyd edilib ki, evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün 8103 nömrəsinə yalnız "2” kodu ilə bağlı gün ərzində bir dəfə istifadə etmək olar. Digər kodların göndərilməsi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.

Digər məsələ şəxsiyyət vəsiqəsinin seriyası AZE yox AA olanlarla bağlıdır. Bildirilib ki, Azərbaycan vətəndaşları üçün müvafiq icazə kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, 2 – AZE 11111111 və ya 2 – AA 11111111) yazılıb 8103 qısa nömrəsinə SMS göndərilməlidir.

Agentliyin məlumatında bildirilib ki, məişət tullantısı atmağa gedərkən icazə almağa ehtiyac yoxdur. Vətəndaş məişət tullantısını atıb geri qayıtmalıdır.

SMS yazdıqdan sonra avtomobil üçün icazə almaq məsələsinə gəldikdə, qeyd edilib ki, müvafiq zəruri hala əsasən icazə verilmiş şəxslərin qeyd olunan müddət ərzində şəxsi nəqliyyat vasitəsi və ya etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətinə icazə verilir.

Vətəndaşları ən çox maraqlandıran suallardan biri icazə üçün verilən vaxtın yarısının səhər, yarısının isə axşam istifadə edilə bilməsi ilə bağlıdır. Agentlikdən bildirilib ki, icazə üçün verilən 2 saatlıq müddət gün ərzində yalnız bir dəfə istifadə edilə bilər.

Məlumatda deyilir ki, SMS göndərilməsindən 1 saat keçməsinə baxmayaraq, cavab gəlməyibsə, bununla bağlı "ASAN xidmət”in 9108 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Agentlik: İşsiz vətəndaşların icaze.e-gov.az portalı ilə qeydiyyatının aparılmasına dair məlumat həqiqəti əks etdirmir

"Vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib. Onun sözlərinə görə, müvafiq qeydiyyat prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada www.e-sosial.az portalı vasitəsi ilə həyata keçirilir: "icaze.e-gov.az portalı yalnız müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərkətlərinin təmin edilməsi məqsədi ilə onlar üçün icazənin alınmasını təmin edir.

Bir daha bildiririk ki, həqiqətə uyğun olmayan və şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir və bu cür halları yaradan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək”.
.