Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni inşa edilmiş Bayraq Muzeyinin açılışında iştirak ediblər.
APA-nın məlumatına görə, dövlət başçısı muzeyin binasının rəmzi açılışını bildirən lenti kəsib.
Muzeylə tanışlıq zamanı prezidentə və xanımına məlumat verilib ki, inşaat işləri bu il ərzində həyata keçirilib. Muzeyin ümumi sahəsi 300 kvadratmetr olan binasında 146 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.
Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib. Bütün bunlar həm Ağdam gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu, həm də cəbhə bölgəsində yaşayan soydaşlarımızda, xüsusilə də gənc nəsildə vətənpərvərlik hisslərinin daha da güclənməsinə xidmət edir.
Dekabrın 3-dət İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində də iştirak ediblər.
APA-nın məlumatına görə, Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikiləcək. Mərkəzin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən Xındırıstan-Quzanlı avtomobil yolunun kənarında 7800 kvadratmetrədək torpaq sahəsi ayrılıb. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Ərazidə 60 avtomobil üçün dayanacaq tikiləcək. Binada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.
Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin təməlini qoyub.
Dövlət başçısı Mərkəzin inşasının keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
Prezident və xanımı Mehriban Əliyeva dekabrın 3-də həmçinin Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər.
Mərkəzlə tanışlıq zamanı dövlət başçısına və xanımına məlumat verilib ki, ümumi sahəsi 1900 kvadratmetr olan binanın inşası yüksək səviyyədə həyata keçirilib. Mərkəzdə Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş olunur. Burada Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə, onun uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet dövrünə və müstəqillik illərinə aid müxtəlif fotolarına geniş yer verilib.
Rəqs zalının, kompüter otağının, xalçaçılıq dərnəyinin, elektron kitabxananın yaradıldığı Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 130 yerlik iclas zalı da var. Bundan əlavə, mərkəzdə 3D kino zalı, 20 nəfərlik konfrans zalı, rəsm otağı, kompüterlərlə və ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir.
Son vaxtlar Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir. Ağdamdakı Heydər Əliyev Mərkəzində də bu məqsədlə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı otağı yaradılıb. Burada nikah bağlayan gənclərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi də həyata keçiriləcək.
Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
