Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq və narkotik cinayətləri törədən, eləcə də qanunsuz silah saxlayan ümumilikdə 20 nəfər müəyyən edilərək məsuliyyətə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fərdi yaşayış evlərindən oğurluq edən 6 nəfər saxlanılıb. Əvvəlcədən əlbir olaraq qrup şəklində rayon ərazisindəki iki fərdi yaşayış evindən oğurluq edən rayon sakinləri - Qurbani Bədəlov, Qalib Quliyev, Hüseyn Bayramov və Fərman Fərmanlı tutulublar. Onların qızıl-zinət əşyaları və nağd pul oğurlamaqla zərərçəkmişlərə 10 000 manatdan artıq ziyan vurduqları müəyyən edilib. Keçirilmiş digər tədbirlərlə analoji əməli törədən yetkinlik yaşına çatmayan Sadiq İsayev (ad və soyad şərti) və Yusif Babayev saxlanılıblar. Yetkinlik yaşına çatmayan şəxsin qohumuna aid evdən qızıl-zinət əşyaları və nəğd pul oğurlayaq 3000 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Y.Babayev isə həmkəndlisinə məxsus fərdi yaşayış sahəsindən xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişə maddi ziyan vurub.
Həmçinin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı narkotik vasitənin satışı ilə məşğul olan Bərdə rayon sakini Ramin Məmmədov saxlanılıb. O, əldə etdiyi narkotiki 20 manat müqabilində istintaqla müəyyən olunan şəxsə satdığını etiraf edib. Bundan başqa keçirilən əməliyyatlar zamanı daha 12 nəfər də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıblar. Onlardan ümumilikdə 13 kiloqrama yaxın müxtəlif adda narkotik aşkar edilərək götürülüb.
Bundan başqa polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Hüseyn Əhmədov da saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
.