Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) dörd nümayəndəsi sentyabrın 5-də Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edib, missiyanın iki nümayəndəsi isə obyektdə qalıb.

Bu barədə "Energoatom" "Telegram" hesabında məlumat yayıb.

"Bu gün, 2022-ci il sentyabrın 5-də AEBA-nın təftiş qrupunun altı nümayəndəsindən dördü Zaporojye AES-də işlərini başa vuraraq zavodun ərazisini tərk edib”, - məlumatda deyilir.

Eyni zamanda, AEBA-nın iki ekspertinin AES-də daimi əsaslarla fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Qeyd edək ki, AEBA-nın missiyası sentyabrın 1-də Zaporojye AES-də olub. Həmin gün nümayəndə heyətinin əksəriyyəti obyekti tərk edib.
Xatırladaq ki, Avropanın ən böyük Atom Elektrik Stansiyası olan Zaporojye AES martın 4-dən Rusiya hərbçiləri tərəfindən ələ keçirilib.

.