İran İslam Respublikasında rəsmi səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri cənab Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.
ADY-dən verilən məlumata görə, görüş zamanı İran ərazisi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat marşrutu və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq müzakirə edilib.
İranın ərazisindən keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair ötən il razılaşdırılmış konseptual layihə çərçivəsində ortaq maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlığa dair danışıqlar zamanı isə dəhlizin inkişafı və yük dövriyyəsinin artırılması müzakirə edilib.
.