Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) Bakı-2015 İlk Avropa Oyunlarına böyük qürur və fəxarətlə hazırlaşır. ADNA İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin uğurlu nəticəsi hesab edir. ADNA-da ümumilikdə 1400-dən çox tələbə könüllülər sırasına qoşularaq nəinki təhsil ocağımızı, ümumilikdə respublikamızı layiqincə təmsil edəcəklər. Könüllərin bir çoxu funksional, bir qismi isə mərasim könüllüləri kimi fəaliyyət göstərəcəklər. Mərasim könüllüləri ilk Avropa Oyunlarının açılış və bağlanış tədbirlərində, funksional könüllülərimiz isə yarış boyu müxtəlif istiqamətlərdə - nəqliyyat, tərcüməçilik, komandaların yönəldlməsində, rəqs qruplarında və sair iştirak edəcəklər. ADNA-nın "Gənclik” Mahnı və Rəqs ansamblı qrup şəklində Olimpiya oyunlarında keçiriləcək böyük bir bayram şənliyinin açılış və bağlanış mərasimində iştirak edəcək. Bir çox tələbələrimiz ilk üçlük üzrə yığma komandanın koordinatorları kimi çalışırlar. Neft Akademiyasının Bədən Tərbiyəsi və İdman klubunun əməkdaşı Pytor Kuvşinov, QNM fakültəsinin tələbəsi Kamran Cəfərov hakim kimi bu oyunlara dəvət alıblar. Neft Akademiyasının bir çox tələbələri var ki, yay oyunlarının Koordinasiya Mərkəzində fərdi olaraq admnistrativ əməyə cəlb olunublar. Ali məktəblərdə Olimpiya oyunları ilə bağlı tədbirlərin keçirilməsi könüllülərin bu işdə daha aktiv iştirakını təmin etməklə bağlıdır. Təhsil Nazirliyinin Avropa Oyunları ilə əlaqədar tədris müddətinin qısaldılması ilə bağlı vermiş olduğu qərardan sonra bütün fəaliyyət Avropa Oyunlarına köklənib. Ali məktəb rəhbərliyinin yay oyunlarında iştirak edən könüllülərin bu müddətdə buraxdığı dərs saatlarının üzürlü hesab olunması tələbələrin respublika üçün əhəmiyyətli olan Olimpiya oyunlarında daha rahat fəaliyət göstərmələri üçün böyük bir stimul verir. Neft Akademiyasının yay oyunları ilə bağlı qarşısında duran ən əsas məsələ olimpiya oyunlarında qeydiyyatdan keçmiş funksional və mərasim könüllülərinin daha ciddi, daha ürəklə, həvəslə yanaşmasına dəstək olmaqdır.

ADNA Mətbuat xidməti

.