Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.

Yenizaman “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə təyinatından az bir müddət keçməsinə baxmayaraq Adil Kərimlinin mədəniyyət sahəsinin inkişafına yönələn islahatları kadr dəyişikliklərini də əhatə edib. Belə ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılır. 

Bildirilir ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrində fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.  

Əldə etdiyimiz yeni məlumata görə, bu gün mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifəsindən azad edilib. 

Göründüyü kimi proses yeni başlasa da, sürətlə davam etməkdədir. Yaxın günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir.

.