Sentyabrın 28-də saat 21:00-dan sonra Bakıda komendant saatı tətbiq edilib. Buna uyğun olaraq, paytaxt ərazisi ilə yanaşı Abşeron rayonu ərazisində  polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə postlarda xidmətə təhkim ediliblər.

Saat 06-00-a qədər xidmət aparan əməkdaşlar avtomobil və piyadalara nəzarət edir.

Avtomobillər saxlanılaraq sürücü və sərnişinlərin sənədi yoxlanılır. Bundan başqa, avtomobilin yük yerinə də baxış keçirilir. Qurulan postda müvafiq icazəsi olmayan sürücü və sərnişinlər aşkar edilib. Həmin hərəkət iştirakçıları Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Abşeron rayonu ərazisində bir neçə stasionar post qurulub.

Hazırda Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib. Bu ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyətini təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq olunub, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.

.