ABŞ Yəməndə husilərə göndərilərkən ələ keçirdiyi İran silahlarını Ukraynaya təhvil verib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, 4 aprel 2024-cü ildə ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinə 5000-dən çox AK-47 avtomatı, pulemyotlar, snayper tüfəngləri, RPQ-7 və 500 mindən çox 7,62 mm çaplı patron verib.

 

Bu silahların “Ukraynanın Rusiya işğalından qorunmasına kömək edəcəyi" diqqətə çatdırılıb.

Qeyd edilib ki, ABŞ 1 dekabr 2023-cü il tarixində Ədliyyə Nazirliyinin SEPAH-a qarşı mülki müsadirə iddiası çərçivəsində bu sursatlara sahib çıxıb. Belə ki, bu silah-sursat ABŞ Mərkəzi Komandanlığı və tərəfdaş Dəniz Qüvvələri tərəfindən 22 May 2021-15 fevral 2023 tarixləri arasında dörd ayrı vətəndaşlığı olmayan tranzit gəmidən ələ keçirilib.

“İranın silahlı qruplaşmalara dəstəyi beynəlxalq və regional təhlükəsizliyi, qüvvələrimizi, bölgədəki diplomatik personalımızı və vətəndaşlarımızı, eləcə də tərəfdaşlarımızın vətəndaşlarını təhdid edir. İranın sabitliyi pozan fəaliyyətini dayandırmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - məlumatda deyilir.

.