Gallup International” müstəqil tədqiqat agentlikləri assosiasiyası dünyanın 68 ölkəsində qlobal sorğu keçirib. Tədqiqatda 66 mindən çox insan iştirak edib. Onlara belə bir sual verilib: "Dünyada böyük hərbi potensiala malik altı ölkə mövcuddur: ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Hindistan. Təsəvvür edin ki, ölkənizə hərbi müdaxilə olub. Sizə onlardan hansını müttəfiq seçərdiniz?”

Rusiya və ABŞ-ı kimlər hərbi müttəfiq olaraq görür?

Böyük Britaniya (58 faiz), Fransa (54 faiz), İspaniya (52 faiz), Kosova (92 faiz), Cənubi Koreya (81 faiz), İsrail (68 faiz), Albaniya (66 faiz), Vyetnam (66 faiz), Yaponiya (64 faiz) və Kanada (62 faiz) əhalisinin əksəriyyəti Amerikanı müttəfiqləri olaraq görmək istəyirlər.

Rusiyanı isə Çin (47 faiz), Monqolustan (71 faiz), Türkiyə (23 faiz), İran (20 faiz), Serbiya (58 faiz), Bolqarıstan (42 faiz), Yunanıstan (48 faiz) və Sloveniya (30 faiz) seçib. Maraqlıdır ki, Ukraynada respondentlərin təxminən eyni miqdarı ABŞ (35 faiz) və Rusiyanı (33 faiz) hərbi müttəfiq kimi görür.

Böyük Britaniyaya ABŞ (43 faiz), İsveç (29 faiz), İslandiya (28 faiz), İrlandiya (25 faiz), Norveç (23 faiz) və Danimarka (23 faiz) ümid bəsləyir.

Çin Pakistan (72 faiz) və Rusiya (44 faiz) üçün müttəfiq kimi cazibədardır.

Fransanı yalnız ABŞ və Belçikadan olan respondentlər seçiblər.

Banqladeş (46 faiz) Hindistanın yardımına ümid edir.

ABŞ-ın dünyaya təsiri azalır

"Gallup International”ın vitse-prezidenti Andrey Milexinin fikrincə, tədqiqatın nəticələri ölkələrin mədəni ənənələri və onların sakinlərinin mentalitetində olan fundamental fərqləri, eyni zamanda son iki-üç ildə Qərbin siyasətinin qanunauyğun nəticələrini əks etdirir.

"Rusiyaya qarşı sanksiyalar və təzyiq nəticədə ona gətirib çıxardı ki, hətta sadə vətəndaşlar Rusiyanı düşmən deyil, müttəfiq kimi qəbul etməyə başladılar”, - Milexin bildirib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi tədqiqatlar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru Mixail Aleksandrov hesab edir ki, hamı dünyaya ABŞ-ın Rusiyadan daha çox təsirinin olduğunu qəbul edir. Amma onun fikrincə, həmçinin bu prosesin dinamikasına diqqət yetirmək lazımdır. Ekspert qeyd edir ki, ABŞ-ın təsiri tədricən azalır.

"Hər şeydən əvvəl, bu iqtisadi təsirə aiddir. İkinci dünya müharibəsindən sonra ABŞ dünya iqtisadiyyatının 50 faizindən çoxuna nəzarət edirdi. Hazırda Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, bu 16 faizdən də azdır. Əgər bütovlükdə ən böyük beş Qərb ölkəsini götürsək, onlar dünya iqtisadiyyatının təxminən 33 faizinə nəzarət edir, halbuki ikinci dünya müharibəsinə qədər bu göstərici təxminən 70 faiz təşkil edirdi. İqtisadi təsirin ardınca ABŞ-ın mədəni və ideoloji təsiri zəifləyir. Onun liberal demokratiya konsepsiyası artıq ümumi tərəfdara sahib deyil. Vaşinqton Qərb hələ ki bütovlükdə iki sahə üzrə təsirini saxlayır: hərbi və elmi-texniki. Ancaq hərbi sahədə Asiya tədricən onun ayağını tapdalamağa başlayır, Rusiya hərbi-sənaye sferasında öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib”, - o deyib.

Mixail Aleksandrov bildirir ki, Çin, Hindistan və İran hərbi baxımdan güclənir və bu, qəti şəkildə dünyada güclərin bölgüsünü Qərbin əleyhinə dəyişdirir: "ABŞ ən güclü hərbi dövlət olaraq qalsa da, onun təsiri tədricən dağılır. Amerika Suriyada öz mövqelərini bərpa edə və Əfqanıstanda vəziyyəti nəzarət altında saxlaya bilmir, Şimali Koreyaya təzyiq göstərmək cəhdləri uğursuz olur. Düşünürəm ki, Vaşinqton üçün kifayət qədər laxlayan vəziyyət formalaşır. Amerikalılar ciddi müharibəyə başlayacağı halda uduza və Amerika imperiyasına son qoyula bilər. Məğlubiyyət halında indiki müttəfiqlərin çoxu ABŞ-dan üz döndərəcəklər”.

Hansı ölkələr Amerikadan daha tez uzaqlaşacaq?

Rusiya eksperti hesab edir ki, ilk belə ölkə Türkiyə olacaq. Onun sözlərinə görə, Türkiyə artıq ABŞ-ın təsiri altından uzaqlaşmağa və müstəqilliyi göstərməyə başlayır:

"Eyni zamanda, Ankara Qərb ittifaqı sistemində əsas elementdir və onun itkisi olduqca həssas olacaq. ABŞ Yaxın Şərqdə uduzarsa, Türkiyəni Səudiyyə Ərəbistanı və Qətər izləyə bilər. Sonda ərəb monarxiyaları başqa himayəçiləri axtarmalı olacaq. Rusiya və ya Çin, yaxud da hansısa bir kollektiv himayəçini”.

Mixail Aleksandrov bildirir ki, Cənubi Koreya da ABŞ-ın orbitindən çıxa bilər. Ekspertin fikrincə, Seul hazırda arzuolunmaz vəziyyətə düşüb: "Faktiki olaraq amerikalılar Şimali Koreyaya qalib gəlib-gəlməyəcəyi, yaxud da Cənubi Koreyadan bir şey qalıb-qalmayacağından asılı olmayaraq Koreya yarımadasında müharibəyə başlayırlar”.

Bundan başqa, Mixail Aleksandrov bu fikirdədir ki, Pakistan Vaşinqtonun qanadı altından çıxaraq Çinin təsirinə keçəcək.

"Hesab edirəm ki, Latın Amerikası ölkələri də ABŞ-dan uzaqlaşmağa başlayacaqlar. Bundan başqa, Avropa İttifaqı ölkələri daha çox Almaniyaya yönələcəklər. Və bütün bunlar o deməkdir ki, Rusiyanın qarşısında yaxşı perspektivlər açılır.

İctimai Palatanın üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Serqey Markov qeyd edir ki, "Gallup International”ın sorğusu Ukraynanın dramatik vəziyyətini əks etdirir.

"Ukraynada ən güclü təbliğatçılıq kampaniyası gedir. Hətta bu şərtlərdə rəyi soruşulan ukraynalıların 33 faizi Rusiyanı hərbi müttəfiq kimi görmək istədiklərini bildiriblər. Bu onu göstərir ki, Ukraynanın ən azı 33 faizi rusiyayönlü qalır. Düşünürəm ki, reallıqda bu rəqəm daha yüksəkdir. Aydındır ki, ukraynalılar öz qiymətləndirmələrində tamamilə azad deyillər. Axı, Kiyev üçün əsas hərbi müttəfiq ABŞ-dır. Buna görə də əminəm ki, Kiyevin cəza rejimi aradan qaldırıldıqdan sonra 33 faiz 60 faizə yüksələcək və Ukrayna yenidən böyük əksəriyyətlə rusiyayönlü ölkə olacaq”, - Markov bildirib.

.