ABŞ Ticarət Palatası fevralın 9–10-da Bakıda Azərbaycana ilk dəfə təşkil olunan biznes missiyasını başa çatdırıb.
Səfirlikdən verilən xəbərə görə, ABŞ Ticarət Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində keçirilən missiya enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə kimi sahələr üzrə dəyirmi masalar və siyasət dialoqları ilə müşayiət olunub.
Missiya çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş keçirilib.
ABŞ Ticarət Palatasının nümayəndələri missiyanın ABŞ özəl sektoru ilə Azərbaycanın dövlət və biznes dairələri arasında yeni əməkdaşlıq imkanları açdığını bildiriblər.
ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun sözlərinə görə, 30 aparıcı ABŞ şirkətinin Bakıya səfəri iki ölkə arasında münasibətlərdə mühüm mərhələdir. O bildirib ki, səfər çərçivəsində ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.
“Visa” şirkəti isə missiyanı və Azərbaycanın rəqəmsal ödənişlər sahəsində inkişafını dəstəklədiyini açıqlayıb. Şirkət rəsmiləri maliyyə inklüzivliyi və nağdsız ödəniş həllərinin ölkənin iqtisadi transformasiyasında mühüm rol oynadığını vurğulayıblar.
.
