Ötən gün ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stiven Qays və səfirliyin mətbuat katibi Nik Barnet "Novoye Vremya” qəzeti, "yenizaman.az”, "novoye-vremya.com” internet portalları redaksiyasının qonağı olublar.
Səmimi atmosfer şəraitində baş tutan görüşdə qonaqlar adıçıkilən qəzet və internet saytlarının təsisçisi Musa Ağayev və baş redaktoru Şakir Habiloğlu ilə müzakirələr aparıblar. Müzakirələr barədə açıqlama verən Ş.Habiloğlu bildirdi ki, səfirlik əməkdaşlarının redaksiyanı ziyarət etməkdən məqsədləri Azərbaycan mediasının hazırkı durumu ilə maraqlanmaq istəyindən qaynaqlanıb. Onlar söhbət zamanı həmçinin Dağlıq Qarabağ problemi başda olmaqla, ölkəmizdəki ictimai-siyasi vəziyyət, eləcə də Azərbaycan-ABŞ münasibətlərinin indiki mənzərəsi və gələcək inkişaf perspektivləri barədə də ətraflı fikir mübadiləsi aparıblar. Səfirlik təmsilçiləri səmimi qəbul üçün redaksiya rəhbərliyinə minnətdarlıq ediblər. Baş redaktor da demokratiyanın çox vacib həlqəsi sayılan azad media ilə maraqlandıqlarına görə qonaqlara öz təşəkkürünü bildirib.

