ABŞ səfirliyi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) USAID ilə bağlı bəyanatını yalan adlandırıb.

Səfirliyin bəyanatında ABŞ-ın Gürcüstana yardım istiqamətlərindən birinin tamamilə yanlış səciyyələndirildiyi bildirilib:

“Bu gün yardım layihələrimizdən birinə qarşı açıq şəkildə səsləndirilən iddialar yalandır və Gürcüstana yardımımızın məqsədlərini kökündən yanlış xarakterizə edir. USAID 1992-ci ildən bəri gürcü xalqını dəstəkləyir. Həmişəki kimi, yardımımız şəffafdır və hökumətin istənilən narahatlığını müzakirə etməyə hazırıq”.

Bəyanatda USAID-in DTX-nın Gürcüstanda iğtişaş hazırlığı görməkdə ittiham etdiyi CANVAS təşkilatı ilə iki ildən çoxdur ki, əməkdaşlıq etdiyi, təşkilatın ailələrə və icmalara öz problemlərini çatdırmağa yardım etdiyi bildirilib.

Vurğulanıb ki, ABŞ əsassız ittihamlara rəğmən Gürcüstan təşkilatlarını dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, Gürcüstan DTX cari ilin oktyabr-dekabr aylarında hakimiyyət çevrilişi məqsədilə ölkədə zorakı əməllərin planlaşdırıldığını bəyan edib. Qurumun bu günkü bəyanatında üç serbiyalının zorakılıqda iştirak edəcək qruplarla əlaqə yaratmaq və onlara təlim keçmək məqsədilə Gürcüstana gəldiyi, bu təlimlərin isə USAID-in maliyyə dəstəyi ilə keçildiyi bildirilib.

.