Son sutkada kriptovalyuta bazarında satış təzyiqi güclənib.

“ “CoinMarketCap”də son 24 saatda qlobal kriptovalyuta bazarının kapitallaşması 5,59% azalaraq 2,29 trilyon ABŞ dollarına düşüb.

Bazarın ən böyük kriptovalyutası olan “Bitcoin”in qiyməti 6,11% azalaraq 66 365 ABŞ dolları təşkil edib. İkinci ən böyük kriptovalyuta olan “Ethereum”un qiyməti isə 7,76% azalaraq 1 841 ABŞ dollarına enib.

Digər əsas kriptovalyutalardan “BNB”nin qiyməti 7,71%, “Bitcoin Cash”ın qiyməti 15,26%, “Bittensor”un qiyməti 11,31%, “Monero”nun qiyməti isə 4,43% azalıb.

Qızıl əsaslı tokenlərdən “PAX Gold”un qiyməti 0,31%, “Tether Gold”un qiyməti isə 0,44% geriləyib. Bununla yanaşı, “Zcash”ın qiyməti 7,44% artaraq müsbət dinamika nümayiş etdirib.

Bazarın ümumi vəziyyətini əks etdirən “CoinMarketCap 20 Index” (CMC20) də 6,27% azalaraq 136,27 bəndə düşüb.

Analitiklərə görə, kriptovalyuta bazarındakı enişə ABŞ və İran arasında gərginliyin yenidən artması, investorların riskli aktivlərdən çıxması və bazarda kütləvi likvidasiyaların baş verməsi səbəb olub. Son 24 saatda kriptovalyuta bazarında təxminən 766 milyon ABŞ dolları həcmində mövqe məcburi bağlanıb. “Bitcoin”in qiymətinin son yeddi həftənin ən aşağı səviyyələrinə enməsi də satış təzyiqini artırıb.

Bazar iştirakçıları ABŞ-İran qarşıdurmasının inkişafını və onun qlobal maliyyə bazarlarına təsirini izləyirlər. Geosiyasi risklərin artması fonunda investorların daha təhlükəsiz aktivlərə üstünlük verməsi kriptovalyutalara təzyiq göstərməkdə davam edir.

.