ABŞ Hərbi-Hava Qüvvələrinin futbol komandası milli futbol liqasının mayın 6-da keçirilən turnirində 0:4 hesabı ilə uduzub.
Virtualaz.org saytı xəbər verir ki, bunun səbəblərindən biri komandanın 9 oyunçusunun Azərbaycan, İraq, Əfqanıstan və Küveyt kimi "qaynar nöqtələrə” ezam edilməsidir. Bu məlumat "The Statesman” nəşrində yer alıb.
"Hərbi-Hava Qüvvələrinin komandası ABŞ silahlı qüvvələrinin turnirində qızıl medal qazanıb. İndi komandanın böyük hesabla uduzmasının obyektiv səbəbi var. Oyunçulardan 9-u İraq, Əfqanıstan, Küveyt və Azərbaycan kimi dünyanın qaynar nöqtələrinə ezam olunublar” - deyə nəşrin idman redaktoru Kevin Littl xəbərində yazır.
Məlumdur ki,Əfqanıstana uçan ABŞ hərbi nəqliyyat təyyarələrinin Bakı aeroportuna enmək və yanacaq götürmək icazəsi var. Lakin Hərbi-Hava Qüvvələrinin komandasının oyunçularının Azərbaycana ezam edilməsinin Əfqanıstana növbəti reyslə bağlı olduğunu ancaq təxmin etmək olar.
Digər tərəfdən, Azərbaycan nədən ABŞ üçün dünyanın "qaynar nöqtəsi” kimi görünür?
