"ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir".

Bunu bu gün Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri, xanım Sandra Oudkirk bildirib.

S. Oudkirk deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir: "Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək.

Öz növbəsində, ABŞ prezidenti Donald Tramp da layihənin həyata keçirilməsinə dəstəyini bildirir".

Qəri Cons: "BP Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir"

"BP şirkətində Azərbaycanın 2500 vətəndaşı çalışır. Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir".

Bunu bu gün BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

Qəri Cons BP-nin Azərbaycanla əməkdaşlığından danışıb: "Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir".


Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi: "Cənub Qaz Dəhlizi yeni infrastruktur baxımından mühüm layihədir"

"Prezident seçkilərində Azərbaycan prezidenti İlham Əliyevin qazandığı uğurlara görə onu təbrik edirəm".

Bunu bu gün Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Yuriy Sentyurin Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışında bildirib.

Y. Sentyurin deyib ki, enerji təhlükəsizliyi və uğurlu əməkdaşlıq müttəfiqlikdən asılıdır: "Hazırda bu tədbirdə iştirak edən 19 qaz ixrac edən ölkə bu barədə düşünür. Kəmərlərin 63 faizi qaz ixracı üçün istifadə olunur. 2024-cü ilə qədər qaz ixracı 1,5 dəfə artacaq. Avropa bazarı bundan sonra çox cəlbedici bazar olacaq. Bu, yeni infrastrukturun yaradılmasını tələb edəcək. Cənub Qaz Dəhlizi bu baxımdan mühüm infrastrukturdur. Gələcəkdə qarşımızda duran saziş və layihələr baxımından bu layihə vacibdir. Bizim tərəfdaşlığımız Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin mərkəzində dayanır".

Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrikini də çatdırıb.

OPEC-in baş katibi: "Cənub Qaz Dəhlizi Azərbaycan prezidentinin yorulmaz fəaliyyətinin nəticəsidir"

"Cənub Qaz Dəhlizi Azərbaycan prezidentinin yorulmaz fəaliyyətinin nəticəsidir".

Bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Cənub Qaz Dəhlizinin Səngəçalda keçirilən rəsmi açılış mərasimində çıxışında bildirib.

Baş katib deyib ki, bu nailiyyətlər neft-qaz şirkətləri ilə qurulmuş uğurlu əməkdaşlığın nəticəsidir: "Təbii qaz Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılacaq və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. İki ay əvvəl Azərbaycanda olmuşdum, prezident və energetika naziri ilə görüşmüşdüm. Dünya enerji bazarı ilə bağlı müzakirə apardıq. Biz Vyanada aparılan müzakirələrdə sizin tövsiyələrinizdən bəhrələnmişik. Əməkdaşlığımızın genişləndirilməsi üçün mümkün imkanları müzakirə etməyə hazırıq. OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq inkişaf etdirilməlidir. Dayanıqlı sabitlik haqqında düşünməliyik, bu, qlobal öhdəlikdir".


.