ABŞ Ukraynaya görə müharibəni Rusiyaya uduzmaq istəmir və Kiyevə birbaşa hərbi yardıma başlayır.
Virtualaz.org saytı xəbər verir ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov aprelin 20-də 290 Amerika desantçısının Lvova enəcəyini açıqlayıb.
Desantçılar Ukrayna ordusunun nizami hissələrinin və Milli Qvardiyanın döyüşçülərinə təlim keçəcək.
"ABŞ Dövlət Departamenti ilə razılaşmaya əsasən Birləşmiş Ştatlar ordusunun 173-cü hava-desant briqadasının desantçıları Yavorovsk poliqonunda Milli Qvardiyanın döyüş bölmələrinə təlim keçməyə başlayacaq”- deyə Avakov facebook səhifəsində yazıb.
Təlimlərdə Ukrayna Milli Qvardiyasının 900 döyüşçüsü, habelə könüllülərdən ibarət batalyonlar iştirak edəcək. Təlimlər hər biri səkkiz həftədən ibarət olmaqla üç mərhələdə keçiriləcək. Bu isə o deməkdir ki, Amerika desantçıları Ukraynada ən azı yarım il qalacaqlar. Təlimlər başa çatandan sonra amerikalılar xüsusi amunisiyaları və rabitə vasitələrini ukraynalılara verəcəklər.
ABŞ desantçılarının Ukraynaya gəlişinə Rusiyadan hələlik reaksiya yoxdur. Bundan əvvəl Britaniyanın xüsusi təyinatlıları Ukrayna ordusunun hissələrinə təlim keçməyə başlamışdı və rəsmi Moskva bunu pisləmişdi.
ABŞ maliyyəçisi və birja maxinatoru Corc Soros isə elan edib ki, Ukrayna iqtisadiyyatına 1 milyard dollar yatırmağa hazırlaşır. Bu barədə C.Soros Avstriyanın "Der Standart” qəzetinə müsahibəsində deyib.
"Mən Ukraynanın dirçəlməsinə yardım etməyə hazıram. Konkret investisiya layihələri, məsələn kənd təsərrüfatına yatırımlar barədə layihələr var. Bu işlərə bir milyard dollar yatıra bilərəm”- Soros deyib..