ABŞ federal hökumətinin 1 oktyabr gecə yarısından fəaliyyətini qismən dayandırması (şatdaun) ölkə tarixində ən uzunmüddətli fəaliyyətsizlik olub və Donald Trampın ilk prezidentlik dövrü (2017-2021) zamanı 2018-2019-cu illərdə qeydə alınan rekordunu təzələyib.
2018-ci il dekabrın 22-si gecə yarısı başlayan şatdaunu 35-ci gündə - 2019-cu il yanvarın 25-də aradan qaldırmaq mümkün olmuşdu.
O zaman Konqresin hər iki palatasında uğurlu səsvermədən sonra Ağ Ev Trampın müvafiq qanunu ABŞ-nin şərq sahili vaxtı ilə saat 21:23-də imzaladığını bildirmişdi. ABŞ hökumətinin fəaliyyətinn dayandırılması ümumilikdə 34 gün 21 saat, 23 dəqiqə davam etmişdi.
4 noyabr saat 20:24-ə (Bakı vaxtı ilə 5 noyabr 05:24) olan məlumata görə, federal hökumətin işinin bərpası üçün maliyyələşdirmə ayırmağa imkan verəcək qanun layihəsi hələ də Konqres tərəfindən razılaşdırılmayıb. ABŞ-nin noyabrın 2-də qış vaxtına keçdiyini nəzərə alsaq, şatdaun artıq 34 gün, 21 saat və 24 dəqiqədir, davam edir.
Beləliklə, bu, Birləşmiş Ştatlar tarixinin ən uzunmüddətli şatdaunu olub.
Bundan əvvəl ABŞ Konqresinin Senatı son bir neçə həftə ərzində 14-cü dəfə Respublikaçılar Partiyası tərəfindən təklif edilən federal hökumətin işinin maliyyələşdirilməsini təmin etmək haqqında qanun layihəsini rədd edib.
.
