ABŞ Senatı 2019-cu il maliyyə ili üçün müdafiə büdcəsini qəbul edib.
TASS agentliyi xəbər verir ki, 717 milyard dollarlıq büdcəyə 87 senator səs verib, 10-u isə qarşı çıxıb.
Müdafiə büdcəsi həmçinin "F-35" beşinci nəsil qırıcılarının Türkiyəyə təslimatına qadağa qoyulmasını nəzərdə tutur.
Daha əvvəl isə Nümayəndələr Palatası müdafiə büdcəsi layihəsinə səs vermişdi. Senatın da qəbul etməsindən sonra qərarın qüvvəyə minməsi üçün tək mərhələ - prezident Donald Trampın imzalaması qalıb. Trampın imzalaması halında, Türkiyəyə "F-35" sanksiyası da rəsmiləşəcək.
Sanksiya qərarı 717 milyard dollarlıq müdafiə büdcəsi layihəsinə daxil olduğu üçün, Trampın ona veto qoyması çətin görünür. Bununla belə, ABŞ-ın qanunvericilik sistemində belə qərarlar prezidentin imza mərhələsində olsa da, Konqresin razılığı ilə dəyişdirilə bilər.
Ancaq ABŞ-ın iki türk nazirə sanksiyalar tətbiq etməsi fonunda, "F-35" qadağasının yumşalması qeyri-mümkün görünür.
.
