ABŞ-da Hollivud aktyoru Aleq Balduinin baş rolda çəkildiyi “Pas” (Rust) filmdə yaşanan faciənin yeni təfərrüatları üzə çıxıb.

 “Los Angeles Times” nəşri xəbər verir ki, filmin çəkiliş qrupu insidentdən bir neçə gün əvvəl ciddi daxili fikir ayrılıqları ilə üzləşiblər.

Bildirilib ki, filmdə baş verən səhvən güllələnmə səhnəsindən əvvəl, təxminən 12 işçi iş şəraitinə etiraz edərək yaradıcı kollektivi tərk edib.

Nəşrin məlumatına görə, filmdən ayrılanlar həm əməkhaqqının ödənilməsi şərtlərindən, həm də məcburi iş vaxtından narazı olublar.

Mənbələrdən əldə olunan məlumatda bildirilib ki, çəkilişlərinə oktyabrın 6-da başlanan filmin yaradıcı heyətinə pavilyona yaxın ərazidə yerləşən Santa Fe şəhərində oteldə qalma pulu veriləcəyi vəd edilsə də, buna əməl olunmayıb. Həmçinin, çəkiliş qrupunun üzvləri pavilyona gəlmək üçün hər gün 50 mil (təxminən 80 kilometr) yol qət edirmiş.

Nəşr, eyni zamanda, operator Qalina Xatçinsin ölümünə səbəb olan silahdan bir neçə dəfə atəş açıldığını və çəkiliş zamanı təhlükəsizlik tədbirlərinin mütəmadi olaraq pozulduğunu iddia edib: “Mənbədən bildirilib ki, mərhum Xatçins yaradıcı qrup üçün daha təhlükəsiz iş şəraitinin tərəfdarı idi”.

Xatırladaq ki, ötən gün Nyu Meksiko çəkiliş pavilyonunda “Pas” filminin çəkilişi zamanı senariyə uyğun olaraq atışma səhnəsində baş rolu oynayan aktyor A.Bolduinin atəş açdığı silah səhvən boş patronlardan deyil, həqiqi, döyüş qabiliyyətli patronlarla doldurulub.
Filmi lentə alan operator və rejissor güllə yarası alıb. Güllələrdən biri rejissorun körpücük sümüyünü zədələyib. Digər yaralı - xanım operator isə sanitar aviasiya vasitəsilə xəstəxanaya aparılıb. O, aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

.