ABŞ növbəti dəfə Azərbaycan hökumətini birləşmək və toplaşmaq, fikri ifadə etmək və vicdan azadlıqları sahəsində beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırıb.
"Turan”-nın məlumatına görə, bu barədə ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer Robinsonun mayın 5-də Vyanada ATƏT Daimi Şurasında səsləndirdiyi "Azərbaycanda insan hüquqlarının davam edən pozuntuları” adlı bəyanatında bildirilir. Bəyanatda deyilir ki,
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 5 il yarım müddətinə həbs edilməsi haqqında 26 may tarixli qərar Vaşinqtonu "çox narahat edir”.
Müşavir, həmçinin hakimiyyətin SDİ direktoru, hüquq müdafiəçisi Leyla Yunusu və onun həyat yoldaşını saxlamasından, pasportlarını əllərindən almasından, onlara qarşı sonrakı təzyiqlərdən də narahat olduqlarını bildirib. "Bu, onların Börndə hüquq müdafiə konfransında iştirakına mane olub.
Leyla Yunus regionda xalq diplomatiyası üzrə səylərin möhkəm əqidəli tərəfdarı idi.
Onun və jurnalist Rauf Mirqədirovun barəsində istintaq Azərbaycan vətəndaş cəmiyyətinə, xüsusən Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım etmək istəyənlərə mənfi təsir göstərir”, - deyə bəyanatda qeyd edilir.
"Bu gün biz Azərbaycandakı dostlarımızı ölkəsinin insan hüquqları və əsas azadlıqları sahəsində aparıcı rolunu geri qaytarmağa çağırırıq.
Azərbaycan və ABŞ enerji tədarükü yollarının müxtəlifləşdirilməsinə və regional təhlükəsizliyə yardıma sadiqdir. Biz Azərbaycanın Əfqanıstanda Beynəlxalq Koalisiyanın işinə töhfəsini yüksək qiymətləndiririk. Biz Azərbaycanı açıq bazar iqtisadiyyatında və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışında dəstəkləyirik”, - deyə müşavir bildirib.
Bəyanatda o da vurğulanıb ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi beynəlxalq ictimaiyyətdə böyük məsuliyyət nəzərdə tutur və ABŞ demokratiyanın və insan hüquqlarının və əsas azadlıqlarının inkişaf etdirilməsinə kömək etməyə hazırdır: "Təəssüf ki, vətəndaş cəmiyyətinin Azərbaycanda işləyə biləcəyi məkan əvvəlki kimi hakimiyyət tərəfindən daralır və bu təmayül getdikcə pisləşir ki, bu da regionda hərtərəfli təhlükəsizliyi təhlükəyə atır.
Azərbaycan ölkədə demokratik inkişaf və uzunmüddətli sabitlik üçün həlledici əhəmiyyət daşıyan daha açıq cəmiyyət yaradaraq, sabitliyi və çiçəklənməni ən yaxşı şəkildə təmin edə bilər”.
"Biz Azərbaycan hökumətini siyasi plüralizm üçün şərtlərin möhkəmləndirilməsi üzrə işə başlamağa və müstəqil KİV və vətəndaş cəmiyyəti üçün məkanı genişləndirməyə çağırırıq”, -deyə müşavir sonda bildirib.
.