İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Livanın ABŞ ilə danışıqlarda Tehran üçün "sövdələşmə vasitəsi" olması barədə bəyanatını tənqid edib.
Bu barədə İran XİN başçısı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Əgər Livan ABŞ ilə münasibətlərdə bizim sövdələşmə vasitəmiz olsaydı, onda biz çoxdan razılaşma əldə edərdik", - o vurğulayıb.
A.Əraqçi, həmçinin Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı C.Aunun mövqeyindən təəccübləndiyini ifadə edib, xüsusilə də, İsrail Müdafiə Ordusunun Livan ərazisində radikal "Hizbullah" qruplaşmasına qarşı quru əməliyyatı keçirməsinə istinad edib.
"Elə düşünmək olar ki, Livanın beşdə birini işğal edən, ölkə əhalisinin dörddə birinin köçkün düşməsinə səbəb olan və hər gün hücumlar həyata keçirən məhz İrandır", - o bildirib.
Daha əvvəl Livan Prezidenti Cozef Aun İranın ünvanına sərt tənqidlə çıxış edərək, ölkəni Birləşmiş Ştatlarla danışıqlarda Livandan alət kimi istifadə etməkdə günahlandırıb. O bildirib ki, ölkə vətəndaşları İranın regional maraqlarının bədəlini ödəmək məcburiyyətində qalırlar.
.
