
Zəngəzur dəhlizi açıldıqdan sonra nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalacağı gözlənilir.
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov bildirib.
Onun sözlərinə görə, bu dəhlizin istifadəyə verilməsi yüklərin daha tez daşınmasına imkan yaradacaq: "Məsafənin azalması nəqliyyat xərclərinə birbaşa təsir göstərəcək və bu da öz növbəsində daşıma tariflərinin aşağı düşməsinə şərait yaradacaq".
Baş katib vurğulayıb ki, Zəngəzur dəhlizi tranzit imkanlarını artıraraq, regional ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.
"Prezident İlham Əliyevin uzaqgörən qərarları nəticəsində Orta Dəhlizin infrastrukturunun inkişafı istiqamətində ciddi addımlar atılıb. Ələtdə yerləşən Bakı Limanı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əgər bu addımlar atılmasaydı, biz Orta Dəhlizi bu gün bu formada işlədə bilməzdik. Azərbaycanda magistral yolların tikilməsi də məhz bu dəhlizin inkişafı məqsədi ilə həyata keçirilib və bu gün nəticəsini görürük".
.