Fevralın 13-də Milli Məclisin növbəti iclası işə başlayıb.İclasda ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətə dair illik məruzə ilə çıxış edib.
Bildirilib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66,694 bələdiyyə aktı daxil olub. Həmin aktların hər birinin ekspertizası aparılıb və nəticədə 62,908 akt qanunvericiliyə uyğun hesab edilib, 3,552 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilib.
Ötən il ərzində 481 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə bağlı ötən il 2196 müraciət daxil olub. Onlardan 299-u baxılması üçün digər dövlət orqanlarına göndərilib. 1897 müraciətə isə hazırda baxılır. 41 bələdiyyə sədrinin fəaliyyətində olan nöqsana görə prokurorluğa müraciət olunub. (ans) .
