Düz 40 il bundan əvvəl 1975-ci il aprelin 4-də Bill Geyts və Pol Allen «Microsoft» adlı şirkəti yaradıblar. Bu şirkət bir neçə onillik ərzində ABŞ-ın ən nəhəng korporasiyalarından birinə çevrilib. Öz təsisçilərini isə dünyanın ən zəngin insanları sırasına çıxarıb.
Geyts və Allen dost olub. Hər iki gənc Sietldəki Leyksayd Məktəbində «Basic» proqram dili üzrə təhsil alırmış. Allen orta təhsilini Geytsdən tez başa vurub, Vaşinqton Dövlət Universitetinə daxil olur. Onların ilk birgə məhsulu «İntel 8008» çipi əsasında qurduqları kompüter olur. Bu kompüterdən Vaşinqton ştatının Nəqliyyat Departamenti üçün nəqliyyat sıxlığını analiz etmək üçün istifadə edilir.
Sonra Allen Bostona, «Honeywell»də işləməyə gedir. Geyts isə Harvard Universitetinə qəbul olunur. 1974-cü ilin sonlarında ilk personal kompüter qurğusu sayılan «Altair 8800» barədə xəbərlər onları cuşa gətirir. Onlar «Basic» proqram dili vasitəsilə bu qurğunu xeyli təkmilləşdirə biləcəklərini hiss edirdilər.
Allen «Altair»in istehsalçısı olan MATS-ın (Mikro-Avadanlıqlar və Telemetriya Sistemləri) prezidenti Ed Robertslə görüşüb bu ideyanı ona sata bilir. Bununla da Geyts və Allen «Basic»lə işləyən ilk mikrokompüter hazırlamaq üçün gecə-gündüz çalışmağa başlayırlar. 1975-ci ilin yanvarında Allen MATS-ın proqram təminatı direktoru vəzifəsini icra etmək üçün Nyu-Meksiko ştatının Albukerke şəhərinə köçür. Bu arada Geyts Harvardda ikinci kursda oxuyurdu. O, təhsilini yarımçıq qoyub, Allenin yanına - Albukerkeyə gedir.
O vaxt Allenin 22, Geytsin isə 19 yaşı vardı. Mart ayına kimi artıq «Basic»lə işləyən «Altair» mövcud idi. «Microsoft» şirkəti faktiki olaraq həmin ilin aprel ayından fəaliyyət göstərsə də bu adı alması bir neçə ay çəkir.
Gənc şirkət o dövrün ən çox satılan «Apple II» və «Radio Shack TRS-80» kompüterlərinin də «Basic» versiyalarını yaradır.
1979-cu ildə «Microsoft» Albukerkedən Vaşinqtona, Belvyuya köçür. 1981-ci ildə İBM-in «Microsoft»un 16-bitlik əməliyyat sistemi olan MS-DOS 1.0. ilə işləyən personal kompüteri istifadəyə verməsindən bir neçə həftə öncə korporasiyaya çevrilir.
İldırım sürətilə inkişaf edən şirkət bir də 1986-cı ildə qərargahını dəyişərək Redmonda köçür. Həmin ilin martında «Microsoft» xalqa açıq elan edilir və onun səhmlərinin birjada alğı-satqısına başlanır. İnanmaq çətin olsa da fakt budur ki, şirkətin səhmi o gündən bu yana ilkin qiymətindən nə az, nə çox - düz 280 dəfə çox (hətta inflyasiyanı nəzərə aldıqda belə 140 dəfə çox) dəyər qazanıb.

.