Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabidin Tağıyevin nəticələri hazırda Amerikada yaşayırlar.
AzVision.az Tağıyevin nəticələri Leyla xanım və onun qardaşı Əli bəy Səfiyurdlu ilə həmsöhbət olub. Onlar Hacı Zeynalabidin Tağıyevin qızı Leyla Tağıyevadan olan nəvəsi Gülnar xanımın övladlarıdırlar. Hansı qəzavü-qədərin onları Amerikaya aparıb çıxarması haqqında Əli bəy Nadir Səfiyurdlu danışır:
- Atam Mahmud Bala bəy oğlu İsgəndər 1898-ci ildə anadan olub. Ulu babamız Aslan bəy indiki Füzuli rayonunun Pirəhmədli kəndindən köçərək, Goranboyun rayonunun Səfikürd kəndinə gəlib. Burada ona bəylik verilib. Aslan bəyin Həsən, Cəfər, Ağalar, Bala və Bilgeyis adlı uşaqları dünyaya gəlib. Ağalar bəyin oğlu Aslan bəy dövlət adamı olub. Ağalar bəyin qızı Silva xanım Bakıda yaşayıb. Bizim atamız Bala bəyin oğlu Mahmud bəydir.
Atam Goranboyda məktəbə gedib. Sonra gimnaziyaya daxil olub. Qarşıdurmalarda iştirak etdiyi üçün həbs edilib. Çox gənc olduğu üçün sərbəst buraxılıb. Yenidən qarşıdurmalara qatılıb və hər şeyini itirincə Türkiyəyə qaçıb. Əvvələr İstanbulda, daha sonra isə Belqradda tacirlik edib. Tito hakimiyyətə gələndən sonra Mahmud bəy ikinci dəfə köç edib və İstanbulda məskən salıb.
Hacı Zeynalabidin Tağıyevin qızı Leyla xanımın da ailəsi - həyat yoldaşı Əli Əsədullah, uşaqları Əli, Nadir və Gülnar 1920-ci illərdə İran üstündən Türkiyəyə köç ediblər. Onların oğulları Zeynal isə İstanbulda doğulub. Daha sonra ailə İstanbuldan Parisə köçüb.
Əli Əsədullah böyük oğlu Əli ilə Rusiya üzərindən Azərbaycana qayıtmağa çalışıb. Təəssüf ki, ruslar tərəfindən tutulub, öldürülüb. Nadir və Zeynal Parisdə həyatlarını itiriblər. Anamız Gülnar xanım isə Parisdə Sorbonn Universitetini bitirdikdən sonra nənəmiz Leyla xanım ilə Istanbula köçüblər.
Atamız Mahmud bəy və anamız Gülnar xanım İstanbulda tanış olublar. Mahmud bəyin ilk evliliyindən Mələk adlı bir qızı vardı. O, Belqradda doğulub. Daha sonra Mələk və anası Cenevrədə yaşayıblar. Mələk 5 dildə tərcüməçilik edirdi.
(Mahmud İsgəndər Safyurdlu və Gülnar Tağıyeva Əsədullah Safyurdlu )
Nənəmiz Leyla xanım 1947-ci ildə Istanbulda vəfat etdi. Onu Feriköy qəbiristanlığında dəfn ediblər. Valideynlərimiz Mahmud bəy və Gülnar xanım 1947-ci ildə ABŞ-a köçdülər. Onların uşaqları - mən, bacılarım Leyla və Bəlkız Nyu-Yorkda dünyaya göz açdıq. 1954-ci ildə ailəmiz İstanbula qayıtdı.
Mən orta məktəbi və liseyi İstanbulda oxumuşam. Daha sonra Florida Universitetində bakalavr, Vircinya Universitetində magistr təhsili almışam. Missuri Universitetində fəlsəfə elmələr doktoru oldum. Amerika Birləşmiş Ştatlarına isə 21 yaşımda qayıtmışam.
2000-ci ildən bəri hər il İstanbula gedirəm. Azərbaycana ilk dəfə 2010-ci ildə gəlmişdim. Azərbaycanı çox sevdim. Qismət olsa, təkrar gəlmək istəyirəm.
Əli bəy deyir ki, Azərbaycan gənclərinin Hacı Zeynalabidin Tağıyevi özlərinə örnək götürmələri onlar üçün böyük qürurdur: "Hacı Zeynalabdin Tağıyev Azərbaycanın böyük oğludur. Nə qədər çətinlik çəksə də, Azərbaycandan köçməyi heç vaxt düşünməyib. Mən də onu sevən Azərbaycan gəncləri ilə birlikdə Hacı Zeynalabidin Tağıyevin ruhu qarşısında baş əyirəm”.
Əli bəyin bacısı Leyla xanım da illər öncə Azərbaycanda olub. "Bakı sizə necə təsir bağışladı?” sualına belə cavab verir:
- Gözəl şəhərdir. Hacı babamın zamanında da gözəl olub.
- Adını daşıdığınız nənənizi - Hacı Zeynalabidin Tağıyevin qızı Leyla xanımı görmüsünüzmü?
- Leyla xanım mən doğulmamışdan öncə dünyadan köçüb. Ona görə də, heç vaxt görməmişəm.
- Siz Hacı Zeynalabidin Tağıyevi necə tanıyırsınız?
- Mən Hacı Zeynalabidin Tağıyevin nəticəsi olduğuma görə qürur duyuram. O, xalqı üçün çalışıb. Çox təəssüf ki, bu gün onun yolunu davam etdirə bilmirik.
- Ananız Gülnar xanım Hacı Zeynalabidin Tağıyevdən bəhs edirdimi?
- Anam həmişə ailəsindən böyük qürurla danışardı. Babamızın böyük şəxsiyyət olduğunu deyirdi. Çox heyf ki, biz onları görmədik.
- Azərbaycan dilini bilirsinizmi?
- Azərbaycan dilini yaxşı bilmirəm. Amma başa düşürəm. Uşaq vaxtı azərbaycanlı dostlarımız çox idi. Tez-tez evimizə qonaq gələrdilər.
- Ən böyük arzunuz nə olub?
- Kaş ki, şərtlər fərqli olaydı, biz də babamızın sərvəti ilə Azərbaycandan xeyli tələbənin təhsil almasına yardım edəydik...