Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Hakim təqsirləndirilən V.Zeynalov və digər şəxslərin şübhəli şəxs qismində saxlanılma qərarları, sonra işdə olan digər sənədləri elan edib.
Ə.Hacıyev bildirib ki, tədqiq olunmayan 110 cild qalıb: "Həmin sənədləri elan edəndən sonra digər məsələlər araşdırılacaq".
Məhkəmənin növbəti prosesi martın 10-na təyin edilib.(Report)

.