Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən B.Vəliyevin yenə məhkəməyə gəlmədiyi elan olunub.
Hakim qeyd edib ki, B.Vəliyevin səhhətində problem olduğu üçün məhkəməyə gətirilə bilmir.
Bu zaman "Aztelekom" MMC-nin sabiq sədri M.Məmmədovun vəkili Şahin Rəfiyev hakimə etiraz edib. O, "nə vaxta qədər məhkəmə təxirə düşəcək" sualını ünvanlayıb: "Xahiş edirəm buna arayış verin, səbəbini bilək. Məhkəməyə digər təqsirləndirilən şəxslər də gəlib-gedirlər. Axı onların hüquqları pozulur, əziyyət çəkirlər".
Hakim isə bildirib ki, B.Vəliyev məhkəməyə gətiriləndə iclas davam etdiriləcək: "Xoşun gəlmirsə, get şikayət elə".
Məhkəmənin növbəti prosesi aprelin 19-na təyin edilib.
