Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Qazaxda aşkarlanan və paytaxta gətirilən ətlərdən götürlən nümunələrin laborator ekspertiza nəticələri açıqlanıb.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, laboratoriyanın ekspertizasına əsasən, yoxlanılan 37 (otuz yeddi) nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Müayinə zamanı götürülən nümunələrin 4-nün at əti, qalanların isə iribuynuzlu heyvanların ətlərinin olması aşkar edilib. Həmçinin yoxlanılan bütün nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətlərinin olması müəyyən edilib.
Bildirək ki, laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Qazax rayonunda aşkarlanan və Bakı şəhərinə gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Xatırladaq ki, mayın 4-də şikayət ərizəsi əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qazax şəhəri, Z.Tağıyev küşəsi ev 29 ünvanda yaşayan Ayaz Şəmiddin oğlu Əliyevin işlədiyi Qazax şəhəri, Bakı küçəsində yerləşən köhnə ət kombinatının soyuducularında hissələrə bölünmüş 1050 (bir min əlli) kq miqdarında mənşəyinə və keyfiyyətinə şübhə yaradan, baytarlıq sənədi olmayan ətlər aşkar olunmuşdu.
